O, vətəni qorumağı canından üstün bilib, torpaqlarımızın işğal olunması ilə razılaşmayan qəhrəman oğullardan biri idi. Şuşa şəhəri uğrunda cəsarətlə döyüşən vətənin igid oğlu, bu uğurda da canından keçdi.
Qəhrəmanlar heç zaman unudulmur! Bu gün doğum günündə xatırlayıb yad etdiyimiz Cəlil Əziz oğlu Səfərov kimi…
1962-ci il yanvar ayının 28-də Gürcüstan Respublikasının Marneuli rayonunun Lejbəddin kəndində anadan olan Cəlil uşaq ikən ailəsi ilə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini burada 10 saylı məktəbdə 8-ci sinfə qədər oxuyan qəhrəman sonra təhsilinə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib. 1980-ci ildə hərbi təhsilini başa vuran Cəlil Səfərov həmin ildə Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri Məktəbinə daxil olub. Saratov vilayətinin Engels şəhərində təhsilini başa vuran Cəlil leytenant rütbəsi alaraq Qazaxıstanın Priozyorsk və Balxaş şəhərlərində yerləşən hərbi hissələrdə xidmət edib. Burada 8 il fəaliyyət göstərən qəhrəman sonra Azərbaycana qayıdaraq Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilib. Bir müddət burada xidmət edən Cəlil Səfərov bir qrup zabitlə Dağlıq Qarabağa ezam olunub. Həmin dövrdə Ermənistanın təcəvüzkar hücümları nəticəsində Qarabağ bölgəsi od-alov püskürən müharibə meydanına çevrilmişdi. Burada bir çox xidməti ilə dinc əhalinin təhlükəsizliyini təmin edən qəhrəman ezamiyyət müddəti bitsə də, bölgəni tərk etmir. O, könüllü döyüş bölgəsində qalaraq Şuşa şəhəri uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib, düşmən texnikasına dəqiq və sarsıdıcı top zərbələri endirilməsinə başçılıq edir. Qəhrəman kapitanın göstərdiyi şücaət nəticəsində bir neçə yaşayış məntəqəsi düşməndən azad edilib. Son döyüşə 1992-ci ilin may ayının 15-də Şuşa rayonunun Turşsu-Zarıslı kəndləri uğrunda qatılan Cəlil onlarla erməni yaraqlısını məhv edib, düşmən hücumlarının qarşısını alır. Çətin döyüşdə peşəkar, təcrübəli hərbçi kimi addımlar atan qəhrəman düşmənin hədəfinə çevrilir. O, düşmənin açdığı atəşlə ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlir. Vətənin igid oğlu Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Ölkəmizin ərazi bütövlüyünün qorunmasında igidlik göstərib, hərbi hissə qarşısında qoyulan tapşırıqları şərəflə yerinə yetirən kapitan Cəlil Səfərov ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Qəhrəmanın adı əbədiləşdirilərək Sumqayıt şəhərində təhsil aldığı 10 saylı orta məktəbə verilib. Xatirəsi əziz tutulan Milli Qəhrəmanın abidəsi doğulduğu Marneuli rayonunun Lejbəddin kəndində ucaldılıb.
Ruhun şad olsun, Vətən oğlu! Uğruna canından keçdiyin Şuşa şəhəri, Qarabağ torpaqları artıq beşinci ilə keçib ki, azad torpaq olaraq öz doğmalarına qovuşub. Sizin kimi qəhrəmanları özünə örnək bilən igid oğullarımız, qanınızı yerdə qoymadı. Düşmənlərdən qisasınız alındı. Məzarınızda rahat uyuyun!
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı