Xalq təsəvvüründə qış ölən təbiət obrazı kimi yaşayır. Qışın gəlişi Böyük Çillə ilə başlayır. Bu zaman soyuq, şaxtalı günlər çox olmur. Əsas soyuq hava Kiçik Çillə adı ilə tanınan zaman kəsimində müşahidə olunur. Böyük Çillədən sonrakı dönəm xalq arasında Kiçik Çillə adlanır və 20 gün davam edir. Fevral ayının ilk günündən etibarən Kiçik Çillə başlayır. Kiçik Çillənin birinci ongünlüyündə xalq arasında Xıdır Nəbi mərasimi icra olunur. Naxçıvan ərazilərində və Qərbi Azərbaycanlılar arasında Xıdır Nəbi mərasimi bu ongünlüyün müxtəlif zamanlarında icrası müşahidə olunur. Qərbi Azərbaycanın Dərələyəz mahalının Gomur, Gabud və Axta kəndlərində bu mərasim fevral ayının 3-ü, 4-ü və 5-i qeyd olunurdu. Mərasim faktlarının da digər folklor faktları kimi variantlılığını nəzərə alsaq, Xıdır Nəbi mərasiminin də coğrafi və iqlim şərtləri baxımından fərqli günlərdə qeyd olunması təbii olduğunu qəbul etməliyik. Bu baxımdan, təkcə Azərbaycanın bir çox regionlarında deyil, Xıdırın qeyd olunduğu digər türk xalqlarında da coğrafi və iqlim fərqliliyinin mərasimin qeyd olunması zamanına təsirini müşahidə etmək mümkündür.
Xıdırın hər evə gəlməsini arzu edən xalq müxtəlif ayinlər icra edər. Xalq həm də belə deyər ki, Xıdırın ən çox sevdiyi buğda cücərtisindən hazırlanan qovutdur. Bunun üçün qovutu kiçik qablarda evin dörd küncünə qoyarlar. İnanılar ki, Xıdır gəlib qovutun üzərinə barmaq basacaq, bununla da o evdə bar-bərəkət artacaqdır. Türk xalqlarında, o cümlədən, Azərbaycan türklərindəki etiqada görə, Xıdır bolluq, yaşıllıq, ölümsüzlük, yenilik, sevinc daşıyan hami ruhdur. Ona hörmət, ehtiram göstərilərsə, o da həmin yerə hörmətlə yanaşar, o evə bolluq arzulayar. Əgər evdə var-dövlət, bar-bərəkət çoxalarsa, el arasında “Bu evə Xıdır gəlibdir, bu nemətə Xıdır əli dəyibdir” – deyərlər.
Qışın ikinci mərhələsi sayılan Kiçik Çillə dönəmində hava, adətən, Böyük Çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq da deyir ki, “Əsas şaxta Böyük Çillədən sonra olur, yəni Kiçik Çillədə. Bu kiçik Çillə çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günnük Kiçik Çillə nə qədər sərt olsa da ömrü qısadır. Bu vaxt həm də günnər uzanır”. Xalq yaddaşında iki qardaş və ya iki bacı kimi obrazlaşdırılan Böyük Çillə və Kiçik Çillə bir-birinə qarşı qoyulur. Böyük Çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik Çillə onun əksinə olaraq, öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Bu baxımdan professor A.Nəbiyevin fikirləri böyük önəm daşıyır: “...Maraqlı cəhətlərdən biri də odur ki, mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik Çillə ilə bağlı poetik düşüncəsində ifadə edir:
Kiçik Çillə..
Boyu bir belə...
Hikkəsi bir belə..
Gəlişi oldu
Hayınan.
Gedişi oldu
Vayınan.
Əlində qırmanc,
Eli-günü yandırdı,
Neçə günahsız doqqaz bağladı,
Neçə alaqapı
Sındırdı.
Kəsdi neçə evin yağmasın,
Pendirin, çörəyin, ağmasın...”.
Kiçik Çillə dönəmində havalar soyuq keçir. Amma xalq belə hava şəraitinin uzun sürməsindən heç də narahat deyildir. Çünki Böyük Çillə demişkən: “Ömrü azdır, qabağı yazdır”. Hər kəs kəskin soyuqlarla müşayiət edilən havaların müvəqqəti olduğu ümidindədir. Soyuq və şaxtalı hava heç də insanları qorxutmur. Baxmayaraq ki, bu dönəmdə təsərrüfata və məişətə ciddi ziyan da dəyə bilər. Amma qədim təfəkkürdən irəli gələrək insanlar elə qışın ilk mərhələsindən – Böyük Çillə zamanından işlərini, necə deyərlər, ehtiyatlı tutmuş, soyuq qışın onların təsərrüfat və məişətlərinə vura biləcəyi ziyanın qarşısını almaq üçün öz tədbirlərini görmüşlər: Çillə mərasimlərinin, ayin və ritualların icrasını həyata keçirərək, bir növ, özlərini soyuq qış təhlükəsindən sığortalamışlar.
Xalq təsəvvüründə çillədən çıxmaq ağırlıqdan, məşəqqətdən qurtulmağa bərabərdir. “Çillə” sözünü bir çox tədqiqatçılar müxtəlif şəkildə izah edirlər. Folklorşünas C.Bəydili “Çillə” ilə bağlı yazır ki, “çillə” sözü məhrumiyyət, sıxıntı, əziyyət çəkmə mənalarını verir”. Bu məqam bir bayatı da öz əksini tapır:
Əllərin saza bənzər,
Boyun gülnaza bənzər.
Bir kərə səni görsəm,
Çilləm də yaza bənzər.
Kiçik çillə dönəmində hava şəraitinin kəskin soyuqlarla müşayiət olunmasına baxmayaraq, sonrakı dönəmin – Boz ayın gətirəcəyi soyuqlu-istili günlər insanların qəlbində yeni həyata ümid yaradır. Odur ki, “ömrü az, qabağı yaz” olan Kiçik Çillə insanları öz soyuqluğu və şıltaqlığı ilə qorxuda bilmir.
Qərbi Azərbaycan əhalisinin də Kiçik Çillə dönəminin soyuğundan qorunmaq məqsədilə hazırladıqları, bədənə istilik bəxş edən müxtəlif mətbəx örnəkləri vardır. Yaydan tədarükü görülən şıppıq, ələyəz bitkilərinindən hazırlanan aşlar, xəşil kimi yemək növləri Kiçik Çillə dönəminin soyuğunun fəsadından qorunmaq üçün ən yaxşı üsullardandır. Eləcə də xalq yaddaşında bu dönəm “qarıların təndirdən girib küflədən çıxdığı” vaxt kimi folklor dili ilə xarakterizə olunur.
Güney Azərbaycan folklorunda da Kiçik Çillənin ərköyünlüyü, təbiət etibarilə ziyanxor olmağı poetikləşir:
Kiçik Çillə:
Şaxtamı kəndə salaram,
Ağacları çatladaram.
Hər yanı buz bağladaram,
Tamam xəlqi ağladaram.
Böyük Çillə:
Qabağın yazdır sənin,
Ömrün azdır sənin.
Hərbə-zorba demə çün,
Fikrin dayazdır sənin.
Kiçik Çillənin, xalqımız demişkən, qışın oğlan çağının insanlara, onların təsərrüfat və məişətinə vura biləcək ziyanının qarşısını almaq üçün keçmiş dönəmlərdə icra olunan bir çox ayin və rituallar olub ki, bu gün onların çox az qismi müasir günümüzədək gəlib çıxıb. İstər qədimlərdə icra olunan, bu gün isə yalnız kiçik poetik örnəklərdə izləri yaşayan ayin və rituallar, istərsə də günümüzdə də icrası müşahidə olunan mərasim örnəkləri xalqımızın qədim mifoloji dünyagörüşündən xəbər verir.
AMEA Naxçıvan Bölməsi
Filologiya üzrə fəlsəfə doktoru,
dosent Aytən Cəfərova