Bu gün Milli Qəhrəmanlarımızdan - Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür

Bu gün Milli Qəhrəmanlarımızdan - Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür

Onların hər biri vətən uğrunda şərəfli döyüş yolu keçib, Vətənimiz var olsa, biz də var olacağıq”,- deyərək ən yüksək ada,-şəhidlik zirvəsinə yüksəldilər. Xalqımız qısa ömürləri ilə əbədiyyət qazanan belə oğullarını heç zaman unutmur. Elə bu gün həmin oğullarımızdan Əfqan Hüseynov və İnqilab İsmayılovun əziz xatirəsini böyük qürurla anıb, yad etdiyimiz kimi...

Deyirlər qəhrəmanlıq taleh, qismət işidir. Görünür dünyaya göz açan Əfqan Hüseynovda öz qismətindən xəbərdar olaraq onun arxasınca gedib. Bu qismət isə ona əbədiyyət qazandıraraq - Vətənin bir parçasına çevirib, ən ali məqamın sahibi edib…

1963-cü il Bakı şəhərində fəhlə ailəsində anadan olan Əfqan orta təhsil illərindən yaşıdlarından seçilən, fərqlənən uşaq olub. Onu tanıyanlar Əfqanda olan dərin düşüncə qarşısında heyrətlərini gizlədə bilmirdilər. Həddən artıq bilikli, bacarıqlı olan Əfqan ömrünü həsr edəcəyi sənətini də özü tək seçib və seçiminə də əməl edir. 8-ci sinifdən sonra öz istəyi ilə təhsilini Cəmşid Naxçıvanski adına hərbi təmaüllü orta internat məktəbində davam etdirən gənc kursant sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olaraq ali hərbi təhsil alır. Leytenant hərbi rütbəsi alaraq ilk hərbi xidmətinə taqım komandirinin müavini olaraq başlayan Əfqan Hüseynov bir il sonra Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərə qatılıb, aparılan əməliyyatlarada şücaət göstərir. Döyüş bacarığı yüksək qiymətləndirilən gənc leytenant “Qırmızı ulduz” ordeni ilə təltif olunur. Baş leytenant rütbəsinə yüksələn Əfqan 1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar “SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik” medalı ilə təltif edilir. Həmin il o, Cəmşid Naxçıvanski adına Bakı hərbi təmayüllü məktəbə tərbiyəçi bölük komandiri təyin edilərək kapitan hərbi rütbəsinə yüksəlir. Qüsursuz, peşəkar xidmətinə və hərbi sirlərə mükkəməl hakim olmasına görə Əfqan Hüseynov 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilir. Qısa zamanda Azərbaycan Respublikası Milli Qvardiyasının sıralarına daxil olan qəhrəman qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi fərqlənir. O, bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiyanın formalaşmasına sərf edir. Həmin dövrdə Azərbaycanın ərazi bütövlüyü böyük təhlükə altında idi. Qarabağ torpaqlarına durmadan təcavüzkar hücumlar edib, dinc əhaliyə divan tutan ermənilərin qarşısını almaq üçün yeni yaradılan Milli ordumuzun hərbi heyəti cəlb olundu. Milli Qvardiyanın şəxsi heyəti də erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında uğurla iştirak edir. Füzuli bölgəsindən döyüşlərə qatılan şəxsi heyətin bacarıqlı zabitləri və Əfqan Hüseynov döyüşlərdə rəşadət göstərərək düşmənə ağır zərbələr vurub, onu geri çəkilməyə məcbur edirlər. Bu döyüşdə aparılan uğurlu əməliyyata görə Əfqan mayor rütbəsinə layiq görülür. Milli Qvardiyanın nəzdində yeni alay yaranmasını məsləhət görən Əfqan istəyi ilə həmin alaya da rəhbərlik edir. Yüksək biliyə və döyüş təcrübəsinə yiyələnən mayor təşkilatçılıq bacarığı ilə alayın şəxsi heyətinin döyüş hazırlığını qısa bir vaxt ərzində lazımi səviyyəyə çatdırır. Cəbhə bölgəsində yaranan ağır vəziyyətə görə Əfqan alay komandiri olaraq Qubadlı, Laçın bölgəsinə göndərilir. Həmin bölgədə alaya rəhbərlik edən mayor düşməni məğlubiyyətə uğradaraq, əks-hücuma keçib, düşmənin bir çox mövqelərini ələ keçirib, əsas qüvvəsini məhv edir.

Sonuncu döyüş… 1992-ci il 1 noyabr…

Qəfl hücuma keçən düşmənlə mübarizə aparan alay komandiri Əfqan Hüseynov başından aldığı güllə yarası ilə həyata gözlərini əbədi yumur. Vətənin igid oğlu Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Vətən qarşısında xidməti borcunu yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünün qorunmasında rəşadət göstərən Mayor Əfqan Hüseynov ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınıb. Xatirəsi əziz tutulan qəhrəmanın büstü Cəmşid Naxçıvanski adına Liseydə və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyanın önündə qoyulub.

Xocalının itkin qəhrəmanı…

Növbəti qəhrəmanımız Qarabağ torpağının yetirməsi, 1962-ci ilin fevral ayının 24-də Xocalı rayonunda dünyaya göz açan İnqilab İsmayılovdur. Azərbaycanın dilbər güşəsində böyüyüb boya-başa çatan İnqilab orta təhsilini bitirdikdən sonra ordu sıralarına cağrılır. O, Daxili Qoşunların tərkibində hərbi xidmətini yerinə yetirərək həmin vaxtda Xarkov şəhərində gizirlik məktəbini də bitirir. Ordudan tərxis olunan İnqilab Xocalıya qayıdıb, sovxozda traktorçu işləməyə başlayır. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda ermənilər azərbaycanlılara qarşı tez-tez təxribatlar törədirdi. Bu vəziyyətlə razılaşmayan vətənin qeyrətli oğulları düşmənə qarşı mübarizə aparmaq üçün cəbhəyə üz tutdular. Onların sırasında yurdunu göz bəbəyi kimi qoruyan İnqilab İsmayılovda var idi. 1990-cı ildə Xocalı Polis Şöbəsində işə düzələn İnqilab dinc əhailinin təhlükəsizliyinin təmin edilməsində əlindən gələni əsirgəmirdi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurları SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə tarixdə misligörünməmiş soyqırım törətdilər. Həmin gecə canı bahasına da olsa, qeyrətli oğullarımız sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxararaq xilas etməyə çalışırdı. Həmin hadisədən sonra ailəsini Oğuz rayonuna yerləşdirən İnqilab yenidən cəbhə xəttinə qayıdaraq xidmətinə Ağdam rayon Polis Şöbəsinin Post-patrul xidməti alayında davam edir. Həmin vaxt Post-patrul alayı Daşbaşı yüksəkliyini göz bəbəyi kimi qoruyurdu. Ermənilər bu yüksəkliyi ələ keçirmək üçün dəfələrlə hücum etsələr də, güclü mübarizə ilə qarşılaşıb geri çəkilməyə məcbur olurlar. 1992-ci ilin iyun ayının 12-də böyük qüvvə ilə Daşbaşı yüksəkliyinə yenidən hücum edən ermənilərlə ağır döyüşə qatılan İnqilab canı bahasına olsa da, bu döyüşdə yenə qələbə qazanır. Ancaq yoldaşları döyüş meydanından onun nəşini götürə bilmir.

Vətən torpaqlarının qorunmasında igidlik göstərən İnqilab İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanın adı əbədiləşdirilərək Bakının Xətai rayonundakı küçələrdən birinə verilib və həmin küçədə İnqilab İsmayılovun xatirə lövhəsi vurulub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM