Qadın adı Azərbaycanda həmişə uca tutulub, qadına böyük hörmət və ehtiram göstərilib, qadın - “ana” adı ilə müqəddəsləşdirilib. Tarix səhifələrimiz Azərbaycan qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə olduqca zəngindir. Azərbaycan qadını tarix boyu ölkənin inkişafında mühüm rol oynayaraq, milli dəyərlərin, mədəniyyətin və mənəviyyatın qoruyucusu olub. Hələ qədim dövrlərdən qadınlar elmdə, təhsildə, ictimai-siyasi həyatda və incəsənətdə fəal iştirak etmiş, cəmiyyətin əsas dayaqlarından birinə çevrilmişlər. Azərbaycan tarixi Möminə xatın, Sara xatın, Nüşabə, Tomris, Nigar, Həcər, Tuti Bikə kimi güclü qadın fiqurları ilə zəngindir. Onların irsi bu gün də Azərbaycan qadınlarının cəmiyyətdə oynadığı mühüm rolun təməlini təşkil edir. Çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və yaşadılmasında onların misilsiz xidmətləri olub. Xalq yaradıcılığı nümunələrində, dastan və rəvayətlərdə, yazıçı və şairlərimizin əsərlərində yüksək mənəvi keyfiyyətlərlə səciyyələnən kamil qadın obrazlarının yaradılması bunun əyani sübutudur.
“Kitabi-Dədə Qorqud” dastanındakı qadın surətləri bu gün də öz aktuallığını qoruyaraq bəşəri dəyərləri tərənnüm edir. Dahi sənətkarımız Nizami Gəncəvinin əsərlərində qadının azad sevgi hüququnu tərənnüm etməsi, vətəninin müdafiəsinə qalxan, ölkəni idarə edən cəsur və qəhrəman qadın obrazları yaratması, XII əsrdə görkəmli memar Əcəmi Naxçıvani tərəfindən qədim diyarımız Naxçıvanda ucaldılmış Möminə xatın türbəsi, eləcə də Qarabağlar türbəsi, dahi şairimiz Hüseyn Cavidin “Qadın gülərsə şu issız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!” ifadəsi qadına göstərilən ehtiramın parlaq ifadəsidir.
1918-ci ildə Azərbaycan qadını dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etdi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə, o cümlədən türk-islam ölkələri içərisində qadınlara seçki hüququ verən ilk respublika oldu. Bu, bir tərəfdən 107 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik prinsiplərə söykənməyindən irəli gəlirdisə, digər tərəfdən xalqımızın tarix boyu qadına göstərdiyi ehtiram və ona verdiyi dəyərlə bağlı idi.
Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla yanaşı, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Onlar ailədə, cəmiyyətdə və təhsil sahəsində önəmli rol oynayaraq, milli kimliyimizin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermişlər. Azərbaycan qadını həm mənəvi zənginliyi, həm də intellektual səviyyəsi ilə seçilərək, xalqımızın maariflənməsi və inkişafında mühüm rol oynamışdır. Onların fədakarlığı, əzmkarlığı və vətənpərvərliyi sayəsində milli-mənəvi dəyərlərimiz əsrlər boyu qorunub saxlanmış, müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilmişdir.
Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra digər sahələrlə yanaşı, dövlət-qadın siyasəti də mütəşəkkil forma almış, qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmış, onların ictimai-mədəni həyatda yeri daha da möhkəmlənmişdir. Qadınların təhsil səviyyəsinin yüksəlməsi, müxtəlif peşələrə yiyələnərək öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir. 1970-ci illərdən başlayaraq qadınlar bilik və bacarıqlarına görə irəli çəkilmiş, yüksək vəzifələrə təyin olunmuşlar. Dahi rəhbərin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə qadınların dövlət idarəçiliyində təmsilçiliyinə, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasına ciddi diqqət yetirilmişdir. Bu sahənin inkişafını tənzimləyən qanunvericilik bazası yaradılmış, ölkəmiz qadın hüquqlarının qorunması haqqında bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur.
1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qadın hüquqları da öz əksini tapmış, dövlət quruculuğu prosesində onların iştirakı təmin edilmişdir. IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşularaq, qadın hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun gücləndirilməsi və gender bərabərliyinin təmin olunması istiqamətində qlobal təşəbbüslərə dəstək vermişdir.
Ölkəmiz “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında” və digər beynəlxalq konvensiyalara qoşulmuş, milli qanunvericilikdə qadın hüquqları mövzusu təkmilləşdirilmişdir. Ümummilli Liderin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 6 mart 2000-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi, Azərbaycan Qadınlarının Birinci Qurultayının keçirilməsi və beş ildən bir bu tədbirin təşkil olunması qadınların hüquqlarının qorunmasına, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasına, xüsusilə dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasına yeni mərhələ açmış, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsinə, lazımi dövlət proqramlarının hazırlanmasına geniş imkanlar yaratmışdır.
Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclis və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində də uğurla təmsil olunur.
“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır”, - deyən Ümummilli Liderin siyasi qüdrətindən ilham alan Azərbaycan qadınları aydın siyasi təfəkkürləri, analitik düşüncə və imkanları, ən əsası isə müstəqil dövlətimizə, onun milli-mənəvi dəyərlərinə sonsuz sevgiləri ilə ölkəmizin xoşbəxt gələcəyi, demokratik inkişafı üçün bu strategiyanın müdafiəçilərinə çevriliblər. Ulu Öndərin siyasi kursunu, ideallarını yüksək sədaqət hissi və böyük dinamizmlə ölkə Prezidenti İlham Əliyev davam etdirir.
Hazırda Azərbaycan qadını təkcə respublikamızın elmi-mədəni potensialının artırılmasına töhfə vermir, bütövlükdə ölkəmizin milli dövlət quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edir. Dövlət başçısının hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik zərif cinsin nümayəndələrinə diqqət və ehtiramın təcəssümüdür. Ölkə rəhbəri cənab İlham Əliyevin prezidentliyi dövründə qadınlarla bağlı olan problemlər dövlətin prioritet məsələlərindən ən ümdəsinə çevrilib, qadınlar ən yüksək diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daha da genişləndirilərək, komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu alıb. 2006-cı ildə qadınlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.
Ölkə başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” İnkişaf Konsepsiyasında bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması, xüsusilə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması da yer almışdır.
Azərbaycan qadının rolu, xüsusilə, Vətən müharibəsində bir daha qabarıq şəkildə özünü göstərdi. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan oğullarının döyüş meydanında göstərdiyi misilsiz şücaətin nəticəsidir. Lakin bu qəhrəmanlığın əsasında dayanan ən böyük amillərdən biri onların vətənpərvər ruhda tərbiyə olunmasıdır ki, bu da birbaşa Azərbaycan analarının fədakar əməyi ilə bağlıdır. Qəhrəman analar övladlarını Vətənə, torpağa, millətə sədaqət ruhunda böyüdərək, onlara Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqlik, dövlətçiliyə bağlılıq və milli kimliyini qorumaq kimi ali dəyərləri aşıladılar. Vətən Müharibəsində canını fəda edən igidlərimiz məhz bu dəyərlərlə böyümüş, torpaq uğrunda mübarizəyə atılaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir Zəfər qazandırdılar. Şəhid anaları Vətənin ən müqəddəs zirvəsinə ucalan övladları ilə fəxr edir, onların ruhunu daim yaşadırlar. Bu gün müstəqil Azərbaycanın hər bir uğurunda, hər bir inkişafında qəhrəman anaların yetişdirdiyi igid oğulların izi var. Azərbaycan qadını təkcə ailənin deyil, həm də cəmiyyətin möhkəm dayağıdır və bu dayağın gücü sayəsində ölkəmiz gələcəyə daha inamla addımlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.”
Bu gün Azərbaycanda qadın hərəkatının önündə təqdirəlayiq işlərlə bütün dünyada ölkəmizi layiqincə təmsil edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımı Əliyeva gedir. Öz insansevərliyi, vətənə məhəbbəti, insanlara qayğıkeşliyi, mərhəməti ilə hər bir Azərbaycan vətəndaşına nümunə olan Mehriban xanım adət-ənənəmizin beynəlxalq arenada tanınmasında mühüm işlər görür. Azərbaycan Respublikasının dünya miqyasında tanınması baxımından Heydər Əliyev Fondunun Prezidenti kimi də Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri var. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanımın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icrası Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli istiqamətində görülən təqdirəlayiq işlərlə yanaşı, gender problemləri, qadınlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılmasına xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da dövlətin gender bərabərliyi və qadın siyasətinə uyğun olaraq qadın hüquqlarının qorunması, onların əmək, sosial və iqtisadi hüquqlarının təmin edilməsi, cəmiyyətdə fəal rolunun artırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Şura qadınların əmək hüquqlarının qorunması və layiqli iş şəraitinin yaradılması üçün müəssisə və təşkilatlarda həmkarlar ittifaqı komitələri vasitəsilə nəzarət mexanizmləri həyata keçirir. Qadınların peşəkar inkişafına dəstək olmaq məqsədilə bir sıra tədbirlər təşkil edilir. Bundan əlavə, sosial müdafiəyə ehtiyacı olan qadınların, o cümlədən tənha qadınların, şəhid və qazilərin ailə üzvlərinin sosial təminatının yaxşılaşdırılması istiqamətində də müxtəlif dəstək proqramları həyata keçirilir. Mədəni-kütləvi və idman tədbirlərində qadınların fəal iştirakı təmin edilərək onların ictimai həyatda rolunun artırılmasına xüsusi diqqət yetirilir.
Bütün bunlar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-qadın siyasətinin nəticələridir. Ümummilli Liderin siyasi-ideoloji yolu bundan sonra da davam edəcək, qadınlarımız üçün daha da geniş imkanlar yaradılacaq.
Qəzənfər Abdullayev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri