Zəngəzur Milli Parkı Naxçıvan Muxtar Respublikasının ən böyük qorunan təbiət ərazisidir. Onun ümumi sahəsi 42.797 hektardır. 2003-cü il iyunun 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Milli Park Zəngəzur silsiləsinin cənub-şərq yamaclarını əhatə edir,dağlıq relyefi ilə seçilir.
Milli Parkın yaradılmasında məqsəd nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunması, təbii ekosistemlərin bərpası və bioloji müxtəlifliyin davamlı saxlanılmasıdır.
Milli Parkın təbii zənginliyi onun bioloji müxtəlifliyində əks olunur.
Burada: 250-dən çox ali bitki növü qeydə alınıb ki, onlardan bir çoxu endemik və nadir növlərdir. Çılpaq dorema, akaka soğanı, gözəl zəfəran, nöqtəli səhləb, yabanı zınbırtikan, zərif süsən, Qrossheym süsəni, gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və.s, kimi bitki növlərinə rast gəlinir.
60-a yaxın məməli, 200-dən çox quş, 20-dən artıq sürünən və çoxsaylı həşərat növləri mövcuddur. Ərazidə nəsli kəsilməkdə olan Qafqaz Bəbiri, zolaqlı kaftar, manul pişiyi, muflon, bezoar keçisi, toğlugötürən, Xəzər uları, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s.kimi nadir heyvan növlərinə rast gəlinir.
Milli Parkda ekoloji təhsilin təşviqi və gənc nəslin təbiətə sevgi ruhunda böyüməsi məqsədilə informasiya mərkəzləri və ekoloji marşrutlar yaradılmışdır.
