satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Dekabrın 18-də Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Urumçi şəhəri arasında rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə iqtisadi əməkdaşlığa həsr olunmuş onlayn görüş təşkil edilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, görüşdə Naxçıvan şəhəri ilə Urumçi şəhəri arasında iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Tərəflər sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə ticarət və investisiya imkanlarını nəzərdən keçiriblər.

Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında regionlararası əməkdaşlığın genişləndirilməsinin və sözügedən şəhərlər arasında biznes əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə qarşılıqlı təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev isə Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının Çin ilə ticarət əlaqələri, Urumçi şəhəri iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması imkanları barədə ətraflı məlumat verib.

Urumçi şəhərinin meri Yaxub Paydulla Urumçinin Çinin mühüm bölgələrindən biri olduğunu qeyd edərək, iki şəhər arasında əməkdaşlığın inkişafı üçün yeni imkanların formalaşdığını diqqətə çatdırıb.

Görüş çərçivəsində Urumçi şəhərinin sənaye potensialını əks etdirən videoçarx, Urumçi ticarət qurumu və Urumçi Sənaye və İnformasiya Texnologiyaları İdarəsi tərəfindən öz fəaliyyət istiqamətləri barədə, həmçinin Naxçıvan Muxtar Respublikasının investisiya imkanları haqqında, eləcə də hər iki tərəfin sahibkarlıq subyektlərinin öz məhsul və xidmətlərinə dair təqdimatlar nümayiş olunub.

Onlayn görüş zamanı şirkət nümayəndələri arasında əməkdaşlıq edilə biləcək istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran sahələr üzrə təkliflər səsləndirilib.

Görüşün sonunda tərəflər gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və konkret əməkdaşlıq layihələrinin reallaşdırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM