Dekabrın 19-da Heydər Əliyev Mərkəzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktik konqresin açılış mərasimi keçirilib.
NTV xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub və ölkəmizin diplomdan sonrakı tibb təhsilinin inkişafında mühüm rol oynayan Ə.Əliyev adına ADHTİ-nin zəngin tarixinə, elmi tədris fəaliyyətinə və müasir nailiyyətlərinə həsr edilib.
Konqresin əsas məqsədi tibb elmində yeni elmi praktik nailiyyətlərin müzakirəsi, həkimlərin bilik və bacarıqlarının artırılması, xüsusilə gənc həkimlərin elmi inkişafına töhfə vermək olub.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verəm şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konqresin açılış mərasimində səhiyyə naziri Teymur Musayev tərəfindən Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciəti oxunub.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, ADHTİ-nin 90 illik fəaliyyəti Azərbaycanın səhiyyə tarixinin çox mühüm bir hissəsidir. Onun sözlərinə görə, institutda çalışan alimlər, həkimlər, müəllimlər Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verib.
Konqresin sədri, ADHTİ-nin rektoru Nazim Pənahov “Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının institutun fəaliyyətinə yüksək qiymət olduğunu qeyd edib. Rektor bu yüksək qiymətə görə institutun kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Öz çıxışında Nazim Pənahov institutun yaradılması tarixindən və keçdiyi şərəfli yoldan danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın əksər, eyni zamanda, bir çox xarici ölkələrin həkimləri institutda ixtisaslaşma və ya ixtisasartırma kursları keçərək, öz peşə karyeralarını qurublar. İnstitutun tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə instituta Əziz Əliyevin adı verilib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz ADHTİ-də çalışdığı illərə təsadüf edir. İnstituta 30 ildən çox bir müddətdə isə akademik Mirməmmməd Cavadzadə rəhbərlik edib. Onun rəhbərliyi altında institut inkişaf edərək, o dövrün tanınmış ali təhsil ocağına çevrilib.
Tədbirdə, həmçinin institutun tarixindən və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Sonra İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Səmərqənd Dövlət Tibb İnstitutunun rektoru Jasur Rizayev, Rusiya Fasiləsiz Peşəkar Tibbi Təhsil Akademiyasının prorektoru Aleksey Çerepov və digərləri çıxış edərək, ADHTİ ilə bağlı xatirələrini bölüşüblər, institutun kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıblar.
İki gün davam edəcək konqres çərçivəsində tibbin müxtəlif sahələrinin aktual problemlərinə həsr olunmuş 2 plenar iclas və 5 elmi panel təşkil olunub. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Rusiya, Gürcüstan, İran, Danimarka, Almaniya və digər ölkələrdən olan mütəxəssislər elmi məruzələrlə çıxış edərək, tibb elminin son nailiyyətləri və müasir yanaşmalar ətrafında geniş müzakirələr aparıblar.
Konqres işini dekabrın 20-də yekunlaşdıracaq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 10 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilib.
