Müasir dövrdə informasiya təhlükəsizliyinin təmin edilməsi artıq dövlət idarəetməsinin əsas prioritet istiqamətlərindən birinə çevrilib.
NTV xəbər verir ki, bunu Naxçıvan şəhərində keçirilən "Dövlət qurumlarının inormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı"ndakı çıxışında Naxçıvan Muxtar Respublikasının (MR) rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov deyib.
O qeyd edib ki, bu gün dövlət informasiya resursları yalnız ənənəvi texniki risklərlə deyil, məqsədli kiberhücumlar, sosial mühəndislik cəhdləri, məlumat sızmaları və kritik infrastrukturun fəaliyyətini pozmağa yönəlmiş kompleks təhdidlərlə üz-üzədir:
"Belə bir şəraitdə kritik informasiya infrastrukturlarının etibarlı qorunması, dövlət qurumları arasında təhlükəsiz informasiya mübadiləsinin təşkili, insidentlərin operativ aşkarlanması və çevik reaksiya mexanizmlərinin qurulması Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə koordinasiyalı fəaliyyət çərçivəsində strateji əhəmiyyət kəsb edir".
