NTV xəbər verir ki, 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda Nazir müavini – nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov çıxış edərək ötən il ərzində telekommunikasiya, poçt, nəqliyyat və rəqəmsal xidmətlər sahəsində həyata keçirilən layihələr, əldə olunan nəticələr və növbəti dövr üçün əsas prioritetlər barədə ətraflı məlumat verib.
Çıxışda qeyd olunub ki, dövlət başçısının müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında 2025-ci il ərzində telekommunikasiya, poçt və nəqliyyat sahələrində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən islahatlar nəticəsində mövcud infrastrukturun modernləşdirilməsi, xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur.
2025-ci il eyni zamanda aparılan islahatların real təsirlərinin qiymətləndirildiyi, mövcud çağırışlar və imkanlar nəzərə alınmaqla 2026-cı il üçün prioritetlərin və yeni hədəflərin formalaşdırıldığı hesabat ili olmuşdur. İl ərzində görülmüş işlər dövlət proqramlarından irəli gələn vəzifələrə uyğun olaraq planlı şəkildə icra edilmiş, əldə olunan nəticələr qarşıdakı dövrdə daha sistemli və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmışdır.
İclasda çıxış edən Rəşad İbrahimov, Sevinc Rzayeva və Mazan Fərəcov müvafiq olaraq telekommunikasiya, poçt və nəqliyyat sahələri üzrə 2025-ci il ərzində görülmüş işlər barədə məlumat veriblər. Çıxışlarda fiber optik internet çəkilişi, kuryer xidmətlərinin təkmilləşdirilməsi, əhalinin poçt xidmətlərinə əlçatanlığının artırılması, avtomobil nəqliyyatı və sərnişindaşıma xidmətlərinin təşkili, marşrut şəbəkəsinin optimallaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Həmçinin, Elşən Fətullayev və İsmayıl Qəribli tərəfindən müvafiq sahələr üzrə arayışlar təqdim olunaraq 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin fəaliyyəti, eləcə də Nazirliyə daxil olan vətəndaş müraciətləri və onların icra vəziyyəti barədə ətraflı məlumat verilib.
İclasda fəaliyyət zamanı yol verilmiş nöqsanlar təhlil edilib, əmək və icra intizamının gücləndirilməsi, vətəndaş müraciətlərinə operativ baxılması, informasiya təhlükəsizliyinin təmin olunması və nəqliyyat, poçt və telekommunikasiya sahələrində xidmət keyfiyyətinin daha da artırılması ilə bağlı konkret tapşırıqlar verilib. Nazirliyin 2026-cı il üçün Fəaliyyət Planının hazırlanaraq icrası qarşıya əsas vəzifə kimi qoyulub.
