satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Yanğın baş verən əraziyə ilk çatan, öz həyatlarını riskə ataraq alovun yayılmasının qarşısını alıb, insanların həyatını xilas edən yanğınsöndürənlər bu gün peşə bayramlarını qeyd edirlər. Onların fəaliyyəti yalnız alovla mübarizə ilə məhdudlaşmır. Yanğınsöndürənlər qəza və digər fövqəladə hadisələr zamanı da insanların köməyinə çatır, təhlükəli vəziyyətlərdə operativ müdaxilə edərək mümkün itkilərin qarşısını almağa çalışırlar.

NTV xəbər verir ki, hər il oktyabrın 10-u Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd edilir. Bu tarix Ümummilli Lider Heydər Əliyevin 2002-ci il oktyabrın 5-də imzaladığı Sərəncamla təsis olunub.

Azərbaycanda yanğın təhlükəsizliyi xidmətinin yaranması XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı olub. 1884-cü il yanvarın 11-də Bakı şəhər Duması yanğın komandasının yaradılması haqqında qərar qəbul edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il oktyabrın 10-da Bakı şəhər idarəsinin tərkibində Bakı Yanğın Komandası təsis edilib. Bununla da şəhərin yeganə yanğın komandasının dövlət sistemindəki yeri rəsmən müəyyənləşdirilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yanğın təhlükəsizliyi xidmətinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli qərarı ilə Bakı Yanğın Texniki Məktəbi yaradılıb. Azərbaycan Prezidentinin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə Bakı Yanğın-Texniki Məktəbinin bazasında Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılıb. Akademiyada peşəkar yanğınsöndürmə və yanğın təhlükəsizliyi mütəxəssisləri hazırlanır. Burada ali təhsilli mühəndis kadrlar yetişdirilir.

Prezident İlham Əliyevin 2005-ci il dekabrın 16-da imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılmasından sonra yanğından mühafizə sahəsində struktur və texniki yenilənmə prosesi geniş vüsət alıb. Yanğından Mühafizə Xidmətinin əsasında Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri təşkil edilib. Yanğınsöndürmə texnikasının yenilənməsi, müasir avadanlıqların alınması və yeni yanğın depolarının tikintisi istiqamətində işlər görülüb.

Yanğınsöndürənlərin fəaliyyəti xüsusi hazırlıq, peşəkarlıq və yüksək məsuliyyət tələb edir. Alovun sürətlə yayıldığı, tüstünün ətrafı bürüdüyü və hər saniyənin həlledici olduğu şəraitdə onlar çevik qərarlar qəbul etməli, təhlükənin miqyasını düzgün qiymətləndirməli və insanların təhlükəsizliyini təmin etməlidirlər. Bu işdə müasir texnika ilə yanaşı, şəxsi heyətin hazırlığı, qarşılıqlı koordinasiya və operativ müdaxilə də mühüm əhəmiyyət daşıyır.

Yanğın təhlükəsizliyi sahəsində elmi yanaşmanın inkişafı məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyində Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada yanğın təhlükəsizliyi ilə bağlı sınaqların keçirilməsi, elmi-texniki yeniliklərin tətbiqi və yanğınların başvermə səbəblərinin araşdırılması istiqamətində işlər aparılır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və xarici ölkələrin müvafiq sınaq mərkəzləri ilə əməkdaşlıq da diqqət mərkəzindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM