Gürcüstanın Patriarxı III Şio Azərbaycana səfərə dəvət olunub.
NTV xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin gürcü xalqının yeni ruhani liderinə ünvanladığı təbrik məktubunda qeyd edilib.
QMİ sədri məktubunda vurğulayıb ki, yarım əsrə yaxındır onu gürcü xalqının mərhum Katolikos-Patriarxı II İliya ilə səmimi dostluq və qardaşlıq əlaqələri bağlıyırdı:
"Biz həmişə iki qonşu, dost xalqımız və dövlətlərimiz arasında mövcud olan hərtərəfli əlaqələrin, xüsusən də mənəvi və dini sahələrdə yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırdıq. Əminəm ki, Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlarımız arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərinizi əsirgəməyəcəksiniz".
A.Paşazadə həmçinin xatırladıb ki, hər iki dövlətin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın Katolikos Patriarxı II İliya olmuşdu:
"Fürsətdən istifadə edərək sizi Azərbaycana dəvət etməkdən qürur duyuram. Bu səfəriniz Azərbaycandakı bütün dindarlar tərəfindən səmimi sevinclə qarşılanacaq və şəxsən mənim üçün böyük şərəf olacaq".
