İnklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturla məhdudlaşmır.
NTV xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər" mövzusuna həsr edilmiş tədbirdə deyib.
O qeyd edib ki, inklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturla məhdudlaşmır:
"Bu anlayış həmçinin əlçatan nəqliyyat sistemlərini, maneəsiz ictimai məkanları, görmə və eşitmə məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmış informasiya mühitini, eləcə də rəqəmsal xidmətlərə bərabər çıxışı əhatə edir. Nəticə etibarilə, belə yanaşma bütün vətəndaşların şəhər həyatında tam və səmərəli iştirakını təmin edir. Azərbaycan da bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan işarə dilinin tanınması və sosial müdafiə sistemində həyata keçirilən islahatlar dövlətin bu sahəyə sistemli yanaşmasını nümayiş etdirir".
A. Əliyeva vurğulayıb ki, inklüziv cəmiyyətin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının iştirakı xüsusilə mühüm rol oynayır:
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi bir sıra layihələr inklüzivlik barədə ictimai məlumatlılığın artırılmasına, əlilliyi olan şəxslərin sosial fəallığının gücləndirilməsinə və cəmiyyətdə inklüziv düşüncə mədəniyyətinin formalaşdırılmasına töhfə verir".
