Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Expo City Dubai – İqlim fəaliyyəti, innovasiya və icmanın görüşdüyü yaşıl innovasiya bölgələri” adlı panel sessiya təşkil olunub.
NTV xəbər verir ki, tədbirdə dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın təşviqində innovasiya bölgələrinin rolu müzakirə edilib. Qeyd olunub ki, belə bölgələr şəhər inkişafı üçün təkrarlana bilən model kimi çıxış edə bilər və daha dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə verir.
Çıxışlarda bildirilib ki, innovasiya bölgələri yaşıl şəhər inkişafı üçün “canlı laboratoriya” rolunu oynayır. Burada dayanıqlı mənzil həlləri, təmiz enerji və yaşıl texnologiyaların inkişafı, eləcə də ekoloji cəhətdən təhlükəsiz şəhər mühitinin formalaşdırılması təmin edilir.
Həmçinin vurğulanıb ki, bu yanaşma icmaların həyat keyfiyyətinin artırılmasına və daha dayanıqlı yaşayış mühitinin yaradılmasına xidmət edir.
Qeyd olunub ki, yaşıl innovasiya bölgələrinin inkişafında dövlət siyasəti, yaşıl lisenziyalaşdırma, intellektual mülkiyyət yanaşmaları və yeni maliyyə mexanizmləri mühüm rol oynayır.
Bildirilib ki, hökumətlər, maliyyə institutları və özəl sektor arasında əməkdaşlıq iqlim dəyişikliklərinə qarşı mübarizə ilə iqtisadi inkişafın uzlaşdırılmasına imkan yaradır.
Sonda qeyd olunub ki, belə modellər müxtəlif şəhərlərdə tətbiq oluna bilər və qlobal şəhər problemlərinin həllinə töhfə verə bilər.
