İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir İsrail ordusunda döyüş hazırlığının yüksək səviyyədə olması ilə əlaqədar ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.
NTV İsrail mediasına istinadən xəbər verir ki, Zamir ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşməli idi.
Tərəflər hərbi əməkdaşlığı, İran ətrafındakı vəziyyəti və digər təhlükəsizlik təhdidlərini müzakirə etməyi planlaşdırırdılar.
Lakin Zamir amerikalı həmkarlarına bildirib ki, hazırkı vəziyyət və bütün istiqamətlərdə döyüş hazırlığının yüksək səviyyədə olması nəzərə alınaraq İsraili tərk etməyi və tədbirləri uzaqdan idarə etməyi məqsədəuyğun hesab etmir.
"Eyni vaxtda həm orduya rəhbərlik etmək, həm də xaricə getmək qeyri-mümkündür", - İsrail ordusunun Baş Qərargah rəisi bildirib.
Daha əvvəl Zamir döyüş hazırlığı səviyyəsini artırıb və təhlükəsizlik baxımından həssas dövr hesab olunan Tişrey bayramı ərəfəsində komandirlərə öz postlarında qalmaq barədə göstəriş verib.
