ABŞ-də 1 sentlik sikkənin istehsalını rəsmi olaraq dayandıran qanun layihəsi təsdiq üçün Prezident Donald Trampa təqdim edilib.
NTV xarici mediaya istinadla xəbər verir ki, ABŞ Konqresi 1 sentlik sikkənin istehsalını rəsmi olaraq dayandıran qanun layihəsini təsdiqləyib. Donald Tramp qanun layihəsini imzalayarsa, ABŞ-də 230 ildən çoxdur davam edən 1 sentlik sikkənin istehsalı rəsmi olaraq dayandırılacaq.
Sent istehsalının dayandırılmasının ildə təxminən 56 milyon dollara qənaət edilməsinə səbəb olacağı gözlənilir.
ABŞ Zərbxanası 2025-ci ilin noyabr ayında dövriyyə üçün sent istehsalını dayandırıb və dövriyyəyə son 1 sentlik sikkə buraxılıb. ABŞ Zərbxanasının o dövrdə verdiyi açıqlamada bildirilirdi ki, 1 sentlik sikkənin istehsalını dayandırmaq qərarı ölkənin ehtiyaclarını ödəmək üçün artıq lazım olmadığı üçün verilib. Qeyd olunurdu ki, qərarda sentin istehsal xərclərinin artması da rol oynayıb. Son 10 ildə 1 sentlik sikkənin istehsal xərcləri 1,42 sentdən 3,69 sentə yüksəlib.
