Naxçıvan Muxtar Respublikasında (MR) "RehaBus" layihəsi üzrə son iki il ərzində əlilliyi olan 216 şəxsə xidmət göstərilib.
Bu barədə NTV-yə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin "RehaBus" (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 216 şəxsə xidmət göstərilib.
2022-ci ildən Bakı şəhərində icrasına başlanılan layihə 2025-ci ildən Naxçıvanda da reallaşdırılır. Layihə ambulator müalicəyə cəlb edilən əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə asan və rahat şəkildə çatdırılmasına xidmət edir.
Reabilitasiya avtobusu muxtar respublikanın müxtəlif bölgələrində yaşayan əlilliyi olan şəxsləri əvvəlcədən müəyyənləşdirilmiş gözləmə məntəqələrindən götürərək Naxçıvan şəhərində yerləşən Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinə və Naxçıvan Uşaq Bərpa Mərkəzinə çatdırır.
Təkərli oturacaqdan istifadə edən şəxslərin xidmətdən rahat yararlanmaları və müyəssərliyin təmin edilməsi məqsədilə avtobus xüsusi qaldırıcı qurğu ilə təchiz olunub. Reabilitasiya proseduru bitdikdən sonra əlilliyi olan şəxslər geri qaytarılırlar.
