Əfqanıstanda qadın və qızların təhsil, məşğulluq və ictimai qərarvermə proseslərindən kənarlaşdırılması ciddi problem olaraq qalır.
NTV xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində keçirilən “Şəhərlərin Bərpası və Sülh Quruculuğunda Qadın və Qızların Rolu” tədbirində UN-Habitat-ın Əfqanıstan üzrə proqram rəhbəri Stefani Luz deyib.
O bildirib ki, qadınların və qızların ehtiyaclarını düzgün müəyyənləşdirmək üçün onların fikirlərinin birbaşa dinlənilməsi vacibdir və bu proses əsasən yerli qadınların iştirakı ilə həyata keçirilməlidir.
Stefani Luz vurğulayıb ki, qadınlar yaşadıqları məkanlarda təhlükəsizlik risklərini kişilərdən fərqli qiymətləndirirlər və bu səbəbdən onların yerli bilikləri şəhərsalma proqramlarında nəzərə alınmalıdır.
Onun sözlərinə görə, UN-Habitat icmalarla birgə fəaliyyət planları hazırlayaraq, təhlükəsiz mənzil, su təminatı, səhiyyə xidmətləri və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində iş aparır.
Stefani Luz bildirib ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi onların ailə və cəmiyyət daxilində rolunun möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır.
