WUF13 çərçivəsində “Urbisiddən Dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl Qubadlı və Zəngilan rayonlarında davamlı bərpa, yenidən məskunlaşma və inkişaf” mövzusunda panel müzakirə keçirilib.
NTV xəbər verir ki, tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Cəbrayıl Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və “Chapman Taylor” qrupunun İdarə Heyətinin direktoru Marselina Zielinski çıxış edib.
Müzakirələr zamanı bölgələrdə işğal dövründə törədilmiş dağıntılar, urbisid və ekosid siyasətinin nəticələri diqqətə çatdırılıb, yaşayış məntəqələrinin, tarixi-mədəni və dini abidələrin, həmçinin təbii mühitin məruz qaldığı dağıntılar barədə məlumat verilib.
Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən bərpa-quruculuq layihələri, yaşayış məntəqələrinin yenidən salınması, müasir şəhərsalma yanaşmalarının tətbiqi və davamlı inkişaf istiqamətində görülən işlər təqdim olunub.
Qeyd edilib ki, regionda həyata keçirilən layihələr “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun şəkildə icra olunur. Yeni yaşayış məntəqələrində dayanıqlı infrastrukturun qurulması, yaşıl enerji həllərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin edilməsi istiqamətində geniş tədbirlər görülür.
Eyni zamanda, təhsil, səhiyyə, nəqliyyat, kommunal xidmətlər və digər sosial infrastruktur layihələrinin həyata keçirildiyi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıdışının təmin olunmasının əsas prioritetlərdən biri olduğu vurğulanıb.
