Maliyyələşmə bu gün Afrika şəhərlərinin inkişafında ən yaralı yer sayılır. Çünki bu şəhərlərin gəlirli layihələr hazırlamaq imkanları məhduddur.
NTV xəbər verir ki, bunu Zimbabvenin paytaxtı Harare şəhərinin meri Ceykob Mafume Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirdiyi “Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir” mövzusunda tədbirdə deyib.
O bildirib ki, şəhərlər öz ərazilərindəki torpaqların böyük hissəsinə nəzarət etsələr də, bu torpaqları rəsmi təminat alətinə çevirmək imkanına malik deyillər. Şəhərlərdə torpaq bankı və ya müasir torpaq mülkiyyəti sisteminin olmaması səbəbindən, miras qalan bina və ərazilər, sadəcə “bizim mülkümüzdür” prinsipi ilə qorunub saxlanılır, lakin onlara əlavə iqtisadi dəyər qazandırılmır.
Mer əlavə edib ki, UNECA (BMT-nin Afrika üzrə İqtisadi Komissiyası) ilə əməkdaşlıq çərçivəsində Harare şəhərinin gəlir gətirən layihələr hazırlamaq potensialının artırılması istiqamətində iş aparılır. Onun sözlərinə görə, şəhərlərin bu kimi çoxtərəfli beynəlxalq təşkilatların təcrübəsindən faydalanmasına böyük ehtiyac var.
