satellite   Azerspace-1: 11135 H 30000

WUF13: Mənzil böhranının həllində metropolitan idarəetmə üzrə Barselona təcrübəsi təqdim olunub

WUF13: Mənzil böhranının həllində metropolitan idarəetmə üzrə Barselona təcrübəsi təqdim olunub

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” panel sessiyasında mənzil böhranının həllində metropolitan (böyük şəhər) idarəetməsi üzrə Barselona Metropoliten Ərazisinin təcrübəsi təqdim olunub.

NTV xəbər verir ki, Barselona Böyükşəhər Ərazisinin Proqnozlaşdırma və Strategiya şöbəsinin rəhbəri Eva Qarsia Çueka öz təqdimatında metropolitan idarəetmənin mənzil böhranı və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rolundan danışıb.

Çıxışda qeyd edilib ki, 36 bələdiyyəni birləşdirən Barselona Böyükşəhər Ərazisi cəmi 636 kvadratkilometr ərazidə 3,4 milyondan çox sakinə ev sahibliyi edir. Ərazi Kataloniya ərazisinin yalnız 2 faizini əhatə etsə də, bölgə əhalisinin 43 faizi burada məskunlaşıb və regionun ÜDM-in yarısından çoxu bu ərazidə istehsal edilir. Bu baxımdan idarəetmənin vahid və inteqrasiya olunmuş şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin bildirilib ki, müasir şəhərlərdə mənzil siyasəti digər sahələrdən təcrid oluna bilməz və nəqliyyat, ictimai xidmətlər, məşğulluq və şəhərsalma ilə birlikdə planlaşdırılmalıdır.

Diqqətə çatdırılıb ki, poli-sentrik şəhər modeli çərçivəsində imkanların müxtəlif mərkəzlər arasında bölüşdürülməsi həm nəqliyyat yükünü azaldır, həm də şəhər sakinlərinin həyat keyfiyyətini yüksəldir. Bu modelə əsasən, imkanlar yalnız bir mərkəzdə deyil, ərazi üzrə 16 müxtəlif mərkəz arasında bölüşdürülür ki, bu da uzun məsafəli hərəkəti azaldır və həyat keyfiyyətini artırır.

Qeyd olunub ki, metropolitan səviyyədə koordinasiya olunmuş modellər şəhərlərin daha dayanıqlı, inklüziv və iqlim dəyişikliklərinə davamlı inkişafına töhfə verir.

E.Q.Çueka yekunda Latin Amerikası, Afrika və Avropadan olan tərəfdaşlarla birlikdə böyükşəhər idarəetməsini qlobal gündəliyə çıxarmaq üçün aparılan beynəlxalq prosesin əhəmiyyətini də vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM