NTV xəbər verir ki, Naxçıvanda 02, 03, 10 və 11 may tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Eyni zamanda apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.
Müəllimlər 1 ay müddətində portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq apellyasiya müraciəti edə bilərlər.
Müraciətlərə baxıldıqdan sonra yekun nəticələr elan olunacaq.
Qeyd edək ki, test imtahanlarında ümumilikdə 2748 müəllim iştirak edib və 99% davamiyyət qeydə alınıb.
Həmçinin bildiririk ki, 11 may tarixində keçirilən Gənclərin Çağırışaqədərki Hərbi Rəhbər vəzifəsi üzrə test imtahanında nəticələrin hesablanması zamanı proqram təminatında 4 sual üzrə texniki xəta qeydə alınıb. Belə ki, həmin sualların qiymətləndirilməsi zamanı 1 bal əvəzinə səhvən 2 bal hesablanıb və bu səbəbdən bəzi nəticələrdə fərqlər yaranıb.
Bununla bağlı müraciətlərinizi portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə, eyni zamanda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə yaxınlaşaraq edə bilərsiniz.
