satellite   Azerspace-1: 11135 H 30000

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib - FOTOLAR

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib<font color=red> - FOTOLAR</font> Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib<font color=red> - FOTOLAR</font>

Qarabağ zəngin təbii sərvətləri, müxtəlif landşaftları və özünəməxsus bitki örtüyü ilə Azərbaycanın mühüm floristik bölgələrindən biridir. Bölgənin meşələri, dağ çəmənlikləri və müxtəlif təbii ekosistemləri faydalı bitkilərin yayılması üçün əlverişli şərait yaradır. Bu bitkilərin öyrənilməsi həm təbii sərvətlərin qiymətləndirilməsi, həm də xalqın əsrlər boyu formalaşmış etnobotanik biliklərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

NTV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayevanın “Qarabağ florası” kitabında məlumat verilir.

Qarabağ florasının faydalı bitkilərinin istifadəsinə dair aparılan etnobotanik araşdırmalar zamanı 300 cinsə aid təxminən 550 bitki növündən dərman məqsədilə istifadə edildiyi müəyyənləşdirilib. Həyat formalarına görə həmin bitkilərin 40-ı ağac, 60-ı kol, 10-u yarımkol, 5-i lian, 300-ü çoxillik, 25-i ikiillik, 90-ı isə birillik ot bitkiləridir. Bu göstəricilər Qarabağ florasının zəngin növ tərkibini, eləcə də dərman əhəmiyyətli bitkilərin müxtəlif həyat formaları üzrə yayıldığını göstərir. Bölgənin xalq təbabətində yovşan, dazotu, bənövşə, qaraqınıq, nanə, yarpız, itburnu və yemişan kimi bitkilərdən geniş istifadə olunub. Bu bitkilər yerli əhalinin gündəlik həyatında, məişət təcrübəsində və ənənəvi müalicə üsullarında özünəməxsus yer tutub. Onların adlarının, istifadə formalarının və tətbiq ənənələrinin araşdırılması bölgənin təbii və mədəni irsinin öyrənilməsinə də töhfə verir.

Tədqiqatların mühüm istiqamətlərindən birini tarixi mənbələrin araşdırılması təşkil edir. XII-XVIII əsrlərə aid əlyazmaların təhlili nəticəsində orta əsrlərdə istifadə edilmiş 700-dən çox dərman bitkisinin növ mənsubiyyəti müəyyənləşdirilib. Bu mənbələr bitkilərdən istifadənin tarixi inkişafını, eləcə də ənənəvi təbabətin formalaşmasında təbii sərvətlərin rolunu öyrənmək üçün mühüm materialdır.

Etnobotanik məlumatların toplanması məqsədilə sorğular aparılıb. Sorğular zamanı yaşlı nəslin nümayəndələrinin bitkilərin adları, tanınması, toplanma vaxtı və istifadə qaydaları ilə bağlı bilikləri öyrənilib. Xüsusilə şifahi şəkildə nəsildən-nəslə ötürülən bu məlumatların sənədləşdirilməsi onların unudulmasının qarşısının alınması baxımından əhəmiyyətlidir. Araşdırmalarda işğal dövründə Qarabağın bitki örtüyündə baş vermiş dəyişikliklər də diqqət mərkəzində saxlanılır. İnvaziv növlərin yayılması, faydalı bitkilərin həddindən artıq toplanması və təbii mühitə təsirlər bölgənin biomüxtəlifliyinin qorunması məsələsini aktuallaşdırır. Bu baxımdan bitki ehtiyatlarının mövcud vəziyyətinin öyrənilməsi, növlərin yayılma areallarının müəyyənləşdirilməsi və təbii populyasiyaların mühafizəsi mühüm elmi və ekoloji vəzifələrdəndir. Qarabağ florasının tədqiqi yalnız bitki növlərinin siyahıya alınması ilə məhdudlaşmır. Eyni zamanda, onların faydalı xüsusiyyətlərinin, bioloji fəal maddələrinin və potensial tətbiq imkanlarının araşdırılması da elmi əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan işlər gələcəkdə əczaçılıq və digər tətbiqi elmlər üçün yeni tədqiqat mövzularının müəyyənləşdirilməsinə imkan yarada bilər. Bununla yanaşı, ənənəvi biliklərin müasir elmi yanaşmalarla əlaqələndirilməsi, faydalı bitkilərin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi xüsusi önəm daşıyır. Qarabağın zəngin floristik irsinin sistemli şəkildə öyrənilməsi bölgənin ekoloji tarazlığının qorunmasına, biomüxtəlifliyin gələcək nəsillərə çatdırılmasına və təbii sərvətlərin davamlı istifadəsinə xidmət edir.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM