Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

“Liget Budapest” layihəsi çərçivəsində tikilən Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib. NUHÇIXAN xəbər verir ki, bu barədə Macarıstanın dövlət telekanalının efirində layihənin həyata keçirilməsinə cavabdeh olan “Városliget Zrt” kompaniyasının baş direktoru Benedek Qeorgiyeviç məlumat verib.

Onun sözlərinə görə, layihəsi Marsel Ferents tərəfindən hazırlanan muzey binası “FIABCI World Prix d Excellence” ümumdünya mükafatına və qızıl medala layiq görülüb. Bu mükafat daha mükəmməl estetik görünüşü, miqyası, funksiyası və ümumi dəyərləri olan daşınmaz əmlak layihəsinə verilir.

Beynəlxalq tədbirdə məşhur yapon memarı Sou Fujimoto tərəfindən layihələndirilən Macarıstan Musiqi Evi də mükafata layiq görülüb.

Beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti bu iki xüsusi qurumu davamlılıq, estetika və ziyarətçilərin rahatlığı baxımından dünyanın ən yaxşı binalarından biri kimi tanıyıb və onları Macarıstanın ən yaxşı tikililəri elan edib.

Benedek Qeorgiyeviç bildirib: “Bu iki xüsusi tikili ölkəmizin görməli yerlərinə, paytaxtın və Macarıstanın yeni simvollarına çevrilib. Nüfuzlu mükafatlarla yanaşı, hər iki binanın ziyarətçilərin sayına görə bütün əvvəlki gözləntilərimizi üstələməsi də buna sübutdur”. Baş direktor onu da vurğulayıb ki, Etnoqrafiya Muzeyi 2023-cü ildə dünyanın ən mötəbər mədəniyyət tədbirlərindən birində - Venesiya Biennalesində qurulan Macarıstan pavilyonunda ölkəni təmsil edib.

2016-cı ildə Etnoqrafiya Muzeyi beynəlxalq dizayn müsabiqəsində iştirak edib. Sonra beynəlxalq münsiflər heyəti yekdilliklə Marsel Ferentsin rəhbərliyi ilə Macarıstanın “NAPUR Architect” şirkətinin layihəsini seçib.

2022-ci ilin may ayında qapılarını ziyarətçilərə açan muzeydə interaktiv sərgilər, təqribən 4000 obyektdən ibarət unudulmaz təsir bağışlayan keramika bölməsi və Budapeştin “qızıl dövrü”nü əks etdirən nəhəng modeli olan “Liget Budapest” mərkəzi var.

Binanın önündəki təxminən 7000 kvadratmetr ərazini əhatə edən bağ isə Budapeştin sevimli görüş yerlərindən birinə çevrilib. Muzeyin bir hissəsi yerin altında yerləşir, onun dam örtüyü isə ot və çiçəklərlə örtülüdür ki, bu da ziyarətçilərə təbiətdən və təmiz havadan həzz almağa imkan verir.

2022-ci ildə muzey nüfuzlu “Swiss BLT Built Design Awards”ın mədəniyyət kateqoriyasında əsas mükafatına, Çinin “IDEA-TOPS Awards” mükafatlarının eyni kateqoriyasında birinci yerə layiq görülüb, həmçinin London Beynəlxalq Yaradıcılıq Müsabiqəsində ən yaxşı obyekt elan edilib. Bina, habelə Almaniyanın “IDEA-TOPS Awards” layihəsi çərçivəsində “Mükəmməl memarlıq” mükafatına layiq görülüb.

2023-cü ildə “Time” jurnalı Macarıstan Etnoqrafiya Muzeyini dünyanın ən möhtəşəm məkanlarından biri adlandırıb. Həmin il bina Paris Dizayn Mükafatını və Beynəlxalq Memarlıq Mükafatını alıb, həmçinin “Architizer A+ Awards” tərəfindən “Muzey memarlığı” və “Memarlıq və fasad” kateqoriyalarında birinci yerə layiq görülüb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM