Təhlükəsizlik qüvvələri Banqladeşdə etiraz aksiyaları zamanı yandırılan Daily Star və Prothom Alo qəzetlərinin ofislərində sıxışan 25 jurnalisti təxliyə edib.
NTV xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Qəzetlərin ofisləri ilə yanaşı, keçmiş hakim Avami Liqası partiyasının ofisi də yandırılıb. Etirazçılar Hindistan diplomatının iqamətgahına da daş atıblar.
Dekabrın 12-də Banqladeşin paytaxtında sui-qəsd cəhdi zamanı aldığı xəsarətlərdən Sinqapur xəstəxanasında dünyasını dəyişən gənc siyasi fəal Şərif Osman Hadinin ölümündən sonra cümə gecəsi Dəkkədə kütləvi etirazlar başlayıb.
32 yaşlı Hadi 2024-cü ildə hökumət əleyhinə nümayişlərin liderlərindən biri olub. O, Hindistanın Banqladeşin daxili siyasətindəki təsirinə qarşı çıxış edib.
Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunus toplantıda çıxış edərək sakitliyə çağırıb. O, Hadinin vəfatı ilə əlaqədar dekabrın 20-ni milli matəm günü elan edib. Yunus qatillərin tapılaraq cəzalandırılacağına da söz verib. Banqladeş təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
