Qazaxıstanın paytaxtı Astana şəhərində 40-dan artıq bayram yolkasının eyni vaxtda işıqlandırılması münasibəti ilə təntənəli mərasim keçirilib.
NTV şəhərin icra hakimiyyətinə istinadla xəbər verir ki, paytaxtın bütün məkanlarında sakinlər və şəhər qonaqları üçün müxtəlif əyləncələr təşkil olunub. Buraya buz meydançaları, qar təpələri, fotozonalar və digər əyləncə yerləri daxildir.
Hündürlüyü 25 metr olan Yeni il yolkaları “Astana Arena” stadionunun dayanacaq ərazisində, “Qazax Eli” abidəsinin qarşısındakı meydanda, Akbulak çayının sahilində, eləcə də Botanika bağında işıqlandırılıb.
Tədbir iştirakçıları üçün fiqurlu konkisürənlərin çıxışları, konsert proqramı təqdim olunub, buz meydançalarında və sürüşkən qar təpələrində əyləncəli gəzintilər təşkil edilib. Eyni zamanda, fud-kortlar və tematik fotozonalar fəaliyyət göstərib. Uşaqlar üçün animatorların iştirakı ilə xüsusi əyləncə proqramı və hədiyyələr hazırlanıb.
Bundan əlavə, həmin gün Green Mall, “Sarıarka”, Keruen City, “Asiya Park”, “Xan Şatır” ticarət-əyləncə mərkəzlərinin ətraf ərazilərində, eləcə də şəhərin digər populyar məkanlarında Yeni il yolkalarının işıqlandırılması mərasimləri keçirilib.
