Londonda Azərbaycan–Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Süni intellekt və daha geniş perspektivlər: səhiyyə, mühəndislik və elmin transformasiyası Azərbaycan–Britaniya əməkdaşlığı kontekstində” mövzusunda konfrans keçirilib.
NTV xəbər verir ki, Azərbaycan–Böyük Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri, uşaq cərrahı İlhamə Cəfərli süni intellekt texnologiyalarının səhiyyə, mühəndislik və elmi-tədqiqat sahələrində innovativ yanaşmaların formalaşmasına mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, tədbir Azərbaycan və Böyük Britaniya arasında elmi və peşəkar əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır.
“City of London”un keçmiş Lord meri Devid Vutton çıxış edərək konfransın əsas məqsədlərindən, Azərbaycan və Britaniya peşəkarları arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.
Panel müzakirələrdə Böyük Britaniya və Avropanın aparıcı universitetləri, tədqiqat mərkəzləri və texnologiya şirkətlərini təmsil edən mütəxəssislər iştirak ediblər. Çıxışlarda süni intellektin səhiyyədə diaqnostika və müalicə proseslərinə təsiri, mühəndislik və elmdə məlumat əsaslı innovasiyalar, eləcə də rəqəmsal texnologiyaların gələcək perspektivləri müzakirə olunub. Tədbirdə, həmçinin Azərbaycan Tibb Universitetinin prorektoru Məlahət Sultanova çıxış edib, NICE, “Imperial College London”, King’s College London, “Halliburton”, UCLH NHS, eləcə də digər beynəlxalq qurumların nümayəndələri təmsil olunub.
Tədbir çərçivəsində AABP ilə Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi (AMD) və “Universal Hospital” arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Bu sənədlər səhiyyə və elmi-tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova çıxış edərək Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. O bildirib ki, son illər ölkəmizdə süni intellektin tətbiqi dövlət idarəçiliyi, səhiyyə, təhsil və innovasiya ekosisteminin inkişafı istiqamətində prioritet sahələrdən birinə çevrilib.
Sonda müxtəlif sahələrdə fərqlənən iştirakçılara və tərəfdaşlara mükafatlar təqdim olunub, həmçinin tədbirin uğurla keçirilməsinə töhfə verən şəxslər təltif edilib.
Qeyd edək ki, konfrans Londonda yerləşən “Bakers’ Hall”da keçirilib. Bu məkan “City of London”un ən qədim tarixi zallarından biri olmaqla, orta əsrlərdən bəri fəaliyyət göstərən peşə gildiyalarının mərkəzlərindən sayılır və şəhərin tarixi-mədəni irsinin mühüm hissəsini təşkil edir.
