Avropa İttifaqının (Aİ) Ukraynaya vəd etdiyi 90 milyard avroluq kredit Yunanıstana növbəti iki il ərzində 1,2–2 milyard avro əlavə yük yaradacaq.
NTV xəbər verir ki, bu barədə pronews.gr xəbər portalı məlumat yayıb.
Portalın qiymətləndirməsinə görə, Rusiyanın Ukraynaya təzminat ödəmək niyyətində olmaması səbəbindən, kredit üzrə zamin kimi çıxış etməyə razılaşan 24 Aİ ölkəsi sonda bu vəsaiti özləri geri qaytarmaq məcburiyyətində qala bilərlər. Qeyd olunur ki, Yunanıstan üçün bu məbləğ təxminən 2 milyard avro və ya 9,5 milyon əhali nəzərə alınmaqla, adambaşına 211 avro təşkil edə bilər.
Aİ sammiti cümə günü səhər tezdən başa çatıb. 17 saat davam edən müzakirələr zamanı Belçikanın etirazı səbəbindən Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılıq əldə olunmayıb. Bunun əvəzinə, iştirakçılar həmin aktivlərin qeyri-müəyyən müddətə dondurulduğunu təsdiqləyiblər.
Aİ ölkələri 2026–2027-ci illərdə Ukraynaya 90 milyard avro maliyyə dəstəyi ayırmaq barədə qərar qəbul ediblər. Bu vəsait üzv dövlətlər tərəfindən kollektiv kreditlər hesabına toplanacaq. Macarıstan, Slovakiya və Çexiya rəsmi şəkildə bu proqramda iştirakdan imtina ediblər.
Məlumata görə, Ukrayna sıfır faizlə kredit alacaq və yalnız Rusiyadan “tam təzminat” əldə ediləcəyi təqdirdə onu geri qaytaracaq.
