Almaniya hökuməti Suriyada vətəndaş müharibəsinin başlanmasından bəri ilk dəfə olaraq məhkum edilmiş bir şəxsi bu ölkəyə deportasiya edib.
NTV yerli mediaya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi həmin şəxsin Dəməşqdə Suriya hakimiyyət orqanlarına təhvil verildiyini açıqlayıb. Onun Şimali Reyn-Festfaliya əyalətində xüsusilə ağır quldurluq, bədən xəsarəti yetirmə və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə həbs cəzası çəkdiyi bildirilir.
Həmçinin cinayət törətmiş daha bir şəxs isə bu gün səhər Əfqanıstana deportasiya edilib.
Daxili İşlər Nazirliyi son aylarda Suriya və Əfqanıstanın aidiyyəti qurumlarının nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparıldığını açıqlayıb. Hazırda əldə olunmuş razılaşmalara əsasən, cinayət törətmiş və cəmiyyət üçün təhlükə yaradan şəxslərin deportasiyasının bundan sonra müntəzəm şəkildə həyata keçirilməsi mümkün olacaq.
