Avropa İttifaqı (Aİ) Hindistanda qeydə alınan Nipah virusu ilə bağlı vəziyyəti yaxından izləyir.
NTV xəbər verir ki, Avropa Komissiyasının yaydığı məlumata görə, Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında iki yoluxma halının təsdiqlənməsindən sonra Aİ-yə üzv ölkələrin müvafiq qurumları xəstəliyin inkişaf dinamikasını diqqətlə monitorinq edir.
Nipah virusu həm heyvanlara, həm də insanlara yoluxa bilən təhlükəli zoonoz xəstəlikdir. Yoluxma baş verdikdən sonra xəstəlik əlamətsiz keçə bildiyi kimi, yüksək hərarət, tənəffüs problemləri, ağır hallarda isə beyin ödemi və ölümlə nəticələnə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Nipah virusunun ölüm göstəricisi 40–75 faiz arasında dəyişir. Hazırda bu xəstəliyin müalicəsi və ya ona qarşı təsdiqlənmiş peyvənd mövcud deyil. Bu səbəbdən virus ÜST tərəfindən prioritet ictimai səhiyyə təhlükəsi kimi qiymətləndirilir.
Avropa Komissiyası bildirir ki, bugünədək Aİ ölkələrində Nipah virusu ilə bağlı heç bir yoluxma halı qeydə alınmayıb və milli səhiyyə orqanlarının məlumat bazasında təsdiqlənmiş fakt yoxdur. Bununla belə, risklərin idarəedilməsi üzrə qruplar vəziyyəti yaxından izləyir. Hazırkı mərhələdə Aİ vətəndaşlarının Hindistana səfəri və ya bu ölkədən qayıdışı ilə bağlı əlavə məhdudiyyətlər və ya tövsiyələr tətbiq olunmur. Komissiyanın rəsmi açıqlamasında qeyd edilir ki, vəziyyət Aİ-nin Nyu-Dehlidəki nümayəndəlikləri ilə koordinasiya şəklində izlənilir və zərurət yaranarsa, müvafiq tədbirlər görüləcək.
Hindistan hökumətinin verdiyi məlumata görə, yoluxma halları ötən ilin dekabr ayının sonunda aşkarlanıb. Virus aşkarlanan şəxslərin səhiyyə işçiləri olduğu və yerli xəstəxanada müalicə aldıqları bildirilir. Yoluxmuş şəxslərlə təmasda olmuş təxminən 200 nəfər müəyyən edilib, onların heç birində simptom aşkarlanmayıb və test nəticələri mənfi çıxıb. Hindistanın Səhiyyə Nazirliyi vəziyyətin daimi nəzarətdə saxlanıldığını və bütün zəruri ictimai səhiyyə tədbirlərinin görüldüyünü açıqlayıb.
Yeni yoluxma halları qeydə alınmasa da, virusun mümkün yayılması ilə bağlı narahatlıqlar Asiyanın bir sıra ölkələrində, o cümlədən Sinqapur, Honkonq, Tailand və Malayziyada hava limanlarında əlavə tibbi yoxlamaların, xüsusilə bədən temperaturunun ölçülməsi kimi tədbirlərin tətbiqinə səbəb olub.
Mütəxəssislərin bildirdiklərinə görə, Nipah virusu əsasən heyvanlardan insanlara keçir, lakin yoluxmuş qida vasitəsilə və ya insanlar arasında da yayıla bilər. Virusun təbii daşıyıcıları meyvə yarasaları hesab olunur. Xəstəliyin əlamətləri, adətən, yoluxmadan 4–14 gün sonra ortaya çıxır, bəzi hallarda bu müddət 45 günə qədər uzana bilər. Başağrısı, qızdırma, əzələ ağrıları, boğazağrısı və qusma ilkin simptomlar sırasındadır. Ağır hallarda qıcolmalar, beyin şişməsi və koma müşahidə oluna bilər.
ÜST-nin məlumatına əsasən, xəstəliyi keçirənlərin təxminən 20 faizində uzunmüddətli nevroloji fəsadlar qalır. Peyvənd hələ mövcud olmasa da, riskləri azaltmaq üçün xəstə heyvanlarla təmasda qoruyucu vasitələrdən istifadə etmək, yarasa dişləməsi izləri olan meyvələri istehlak etməmək və xəstələrə qulluq zamanı gigiyena qaydalarına riayət etmək tövsiyə olunur.
Qeyd edək ki, ötən ilin oktyabrında bəzi Aİ ölkələrində Nipah virusuna qarşı genetik modifikasiya olunmuş peyvəndlə bağlı klinik sınaqlar üzrə ictimai məsləhətləşmələr başlanıb, lakin sınaqların faktiki başlanma tarixi hələ açıqlanmayıb.
