Londonun Qolders Qrin ərazisində yəhudi icmasına məxsus könüllülər tərəfindən idarə olunan təcili yardım maşınlarına qarşı törədilmiş yanğın hücumu ilə bağlı iki nəfər saxlanılıb.
NTV “The Independent”ə istinadla xəbər verir ki, London Metropoliten Polisi bu gün səhər saatlarında 47 və 45 yaşlı, Britaniya vətəndaşı olan iki kişini həyat üçün təhlükə yaratmaq məqsədilə qəsdən yanğın törətmək şübhəsi ilə saxlayıb.
Saxlanılan şəxslər bazar ertəsi gecə saatlarında Londonun şimalında baş verən hadisə ilə bağlı aparılan istintaq çərçivəsində müəyyən edilib. Bildirilir ki, gecə saat 01:35 radələrində Qolders Qrin ərazisində fəaliyyət göstərən “Hatzola” könüllü təcili yardım xidmətinə məxsus dörd avtomobil yandırılıb.
Hər iki şəxs hazırda polis bölməsində nəzarət altında saxlanılır.
