Fransa Nuukda baş konsulluq açaraq Qrenlandiyada bu səviyyədə diplomatik nümayəndəlik açan ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub.
NTV xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün baş konsul Jan-Noel Puari vəzifəsinin icrasına başlayıb. Konsulluğun açılması Fransanın konsulluq şəbəkəsini gücləndirmək və Arktika regionunda mövcudluğunu genişləndirmək qərarı çərçivəsində həyata keçirilib.
Yeni baş konsulun vəzifəsi fransız icması ilə işləmək, eləcə də Qrenlandiya ilə mədəni, elmi və iqtisadi sahələrdə mövcud əməkdaşlıq layihələrini inkişaf etdirməkdir. Bundan əlavə, Fransa tərəfi yerli hakimiyyət orqanları ilə siyasi təmasları gücləndirmək niyyətindədir.
