Portuqaliya hökumətinin ilkin hesablamalarına görə, “Kristina” qasırğasının zədələdiyi infrastrukturun bərpası azı 4 milyard avroya başa gələcək.
NTV xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Manuel Kastro Almeyda “RTP” telekanalına açıqlamasında bildirib. Nazirin sözlərinə görə, dəyən zərər iqtisadiyyat üçün ciddi bir şok olacaq. O əlavə edib ki, qiymətləndirməyə təchizat zəncirindəki fasilələr kimi dolayı itkilər daxil deyil. İstehsal sahələri tamamilə dağıldığı üçün bəzi şirkətlər fabrikləri yenidən qurmalı olacaqlar.
İstehsal bərpa olunana qədər zədələnmiş fabriklərin işçilərinin maaşlarının 80 faizini hökumət ödəyəcək. Bu tədbir kütləvi işdənçıxarmaların qarşısını almağa yönəlib.
“Kristina” qasırğası Portuqaliyanı yanvarın 31-də vurub. Sürəti saatda 200 kilometri ötən külək ölkədə təxminən 450 min ev təsərrüfatını elektriksiz qoyub və azı beş nəfər ölüb.
