Türkiyə Suriyanın enerji sektoruna investisiya qoyuluşunda həlledici rol oynayacaq.
NTV xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
O, qonşu ölkənin təbii sərvət ehtiyatlarını öyrənmək üçün Suriyaya mütəxəssislər göndəriləcəyini açıqlayıb.
“Müasir Suriyanın iqtisadiyyatını bərpa etmək üçün təxminən 300 milyard dollar tələb olunur. Bu vəsait təbii sərvət yataqlarının aktiv işlənməsi yolu ilə əldə edilə bilər. Biz bu səyləri dəstəkləməyə hazırıq. Türk şirkətləri qonşu ölkədə yeni istilik elektrik stansiyaları və Günəş elektrik stansiyaları tikməyi planlaşdırır. Türkiyə Suriyanın şimalına elektrik enerjisi tədarükünü artırır”, - deyə türkiyəli nazir ərəb ölkəsinə Azərbaycan qazının tədarükündən də bəhs edərək bildirib.
Onun sözlərinə görə, Türkiyə, Qətər və ABŞ şirkətlərindən ibarət beynəlxalq konsorsium ümumi gücü 5000 MVt olan və qazla işləyən 4 elektrik stansiyası və bir Günəş elektrik stansiyası tikməklə Suriya iqtisadiyyatına 7 milyard dollar investisiya qoymağı planlaşdırır. Bundan əlavə, A. Bayraktar sözünə davam edərək bildirib ki, dövlət şirkəti TPAO da Suriyada neft hasilatının artırılmasına töhfə verməyə hazırdır.
Nazir xatırladıb ki, 2011-ci ildə münaqişə başlamazdan əvvəl Suriyada gündə orta hesabla 330 min barel neft hasil olunurdusa, bu gün hasilat 25-30 min bareli keçmir.
