İsrailli alimlər tərəfindən aparılan uzunmüddətli tədqiqat göstərir ki, arıqlama cəhdləri uğursuz olsa və çəki sonradan geri qayıtsa belə, bu proses maddələr mübadiləsi və ürək-damar sağlamlığı üçün qalıcı fayda verir.
NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Ben-Qurion Universitetinin tədqiqatçıları sağlam qidalanma və fiziki aktivliyə əsaslanan pəhrizlərin xüsusilə daxili (visseral) qarın yağını azaltdığını və insulin həssaslığını yaxşılaşdırdığını müəyyən ediblər. Maqnit-rezonans tomoqrafiya (MRT) müayinələrinin nəticələrinə görə, təkrar proqramlarda iştirak edən şəxslərdə metabolik göstəricilər 15–25 faiz daha yaxşı olub.
Alimlər bu təsiri “kardiometabolik yaddaş” effekti kimi qiymətləndiriblər. Tədqiqatın nəticələri göstərir ki, bədən çəkisi sağlamlığın yeganə göstəricisi deyil və tərəzidəki rəqəmlər orqanizmdə baş verən real dəyişiklikləri tam əks etdirmir.
"BMC Medicine" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri bildirirlər ki, çəki artsa belə, insanlar sağlam həyat tərzindən və pəhrizdən imtina etməməlidirlər.
