Rusiyadan təbii qaz almaqdan imtina edən Avropa İttifaqı (Aİ) dövlətləri yenidən enerji böhranı ilə qarşılaşıblar. ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların nəticəsində Hörmüz boğazından keçid çox təhlükəli olub və heç bir dəniz nəqliyatı şirkəti gəmisini bu istiqamətə yönəltmir.
NTV xəbər verir ki, Rusiya təbii qazından imtina edən Aİ Azərbaycandan təbii qaz, Yaxın Şərq ölkələrindən isə sıxılmış qaz (LNG) alaraq itkilərini kompensasiya edirdi.
Körfəz ətrafında hərbi əməliyyatların başlaması Aİ-nin yanacaq idxalının həcmini azaltdı ki, bu da Aİ dövlətləri ilə yanaşı Böyük Britaniyada da qazın qiymətinin 1000 kubmetrini 711 dollara kimi bahalaşdırdı. Bu qış Avropa qitəsində havaların soyuq keçməsi onsuzda qiyməti 570 dollara kimi yüksəltmişdi. Havanın mülayimləşməsi ilə əlaqədar Avropanın qaz bazarında qiymətlər təzəcə sabitləşməyə başlamışdı ki, İrana qarşı hərbi əməliyyatlar yenidən qiymət artımına səbəb oldu.
“Quilter Cheviot” şirkətinin analitiki Mauriço Karulli bildirib ki, yeni tarixdə Hörmüz boğazı heç vaxt bağlanmayıb və bu gün də bağlı deyil. Lakin sputnik müşahidələri göstərir ki, bu istiqamətdə gəmi hərəkəti yoxdur və bunun da səbəbi bəllidir. Avropa Yaxın Şərq ölkələrindən qaz idxalını boru vasitəsi ilə həyata keçirə bilmədiyi üçün məcbur olub LNG alır ki, onun da nəqli yalnız xüsusi gəmilərlə həyata keçirilir. Dünya bazarına daxil olan karbohidrogen ehtiyatlarının 20 faizi mənz bu boğaz vasitəsi ilə nəql olunur. Hazırda şirkətlər gəmilərin müsadirə olunmasından qorxur və sığorta şirkətləri bu istiqamətdə irəliləyən gəmiləri sığorta etməkdən imtina edirlər. Bütün bunlar isə neftlə yanaşı dünya bazarında qazın da qiymətini yüksəldib.
Avropanın qaz tələbatının 14 faizi Qətərdən idxal edilən LNG hesabına ödənilirdi. İndi bu 14 faiz çatışmır və təbii ki, qiymət artımı qaçılmazdır.
Ötən gün İranın raketlərindən biri Qətərin “QatarEnergy” sıxılmış qaz istehsal edən şirkətinin Ras-Laffan şəhərindəki zavoduna düşüb. Qətər hökuməti dərhal zavodun fəaliyyətini dayandırıb və işçiləri təhlükəsiz yerə köçürüb. Bundan sonra Avropada qazın qiyməti birdən birə 55 faiz bahalaşıb. Qeyd edək ki, bu zavod istehsal etdiyi məhsulu əsasən Avropaya ixrac edirdi.
Bu gün müharibənin 4-cü günüdür və qarşılıqlı raket zərbələri davam edir. Qətər ilə yanaşı Səudiyyə Ərəbistanı sutkada 550 min barel neft istehsal edən “Aramco” netfayırma zavodunun (NEZ) fəaliyyətini dayandırıb. İraqın Kürdüstan muxtar bölgəsində Türkiyənin Ceyhan limanına sutkada 200 min barel neft ixrac edən “Gulf Keystone Petroleum” şirkəti hasilatı dayandırıb. Burada işləyən “Dana Gas” şirkəti də qaz hasilatını müvəqqəti olaraq dayandırıb.
Analitiklər hesab edir ki, Körfəz ətrafındakı hərbi əməliyyatlar 1 həftə də davam etsə dünya bazarında neft və qazın qiyməti kəskin şəkildə artacaq.
