“Meta” şirkəti Böyük Britaniyada qeyri-qanuni maliyyə reklamlarını dayandırmaq vədini yerinə yetirə bilməyib.
NTV “Reuters”ə istinadla xəbər verir ki, ABŞ-nin texnologiya nəhəngi “Meta”nın platformalarında yüksək riskli maliyyə məhsulları ilə bağlı qanunsuz reklamların yayımlanmasının qarşısını almaq öhdəliyinə baxmayaraq bu istiqamətdə ciddi pozuntulara yol verildiyi müəyyən edilib. Bu barədə Böyük Britaniyanın Maliyyə Davranışlarına Nəzarət Qurumu (FCA) tərəfindən aparılan araşdırmada bildirilir.
Tənzimləyici qurumun məlumatına görə, ötən ilin noyabr ayında bir həftə ərzində “Meta” platformalarında valyuta ticarəti və mürəkkəb maliyyə alətləri ilə bağlı 1052 reklam yerləşdirilib. Həmin reklamları yerləşdirənlərin isə FCA tərəfindən bu sahədə fəaliyyət göstərmək üçün icazəsi olmayıb.
Araşdırma nəticələrinə əsasən, bu reklamların 56 faizi daha əvvəl FCA tərəfindən “Meta”ya bildirilib, lakin buna baxmayaraq fəaliyyətini davam etdirən icazəsiz reklamverənlərə məxsus olub.
“Reuters”in daha əvvəl yaydığı daxili sənədlərə əsasən, “Meta” platformalarının milyardlarla istifadəçisi dünya üzrə saxta onlayn ticarət və investisiya sxemləri, qanunsuz onlayn kazinolar və qadağan olunmuş tibbi məhsullarla bağlı reklamlara məruz qalıb. Məsələ şirkətin platformalarında nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
