Məktəbə getməyən uşaqların və gənclərin sayı yeddinci ildir durmadan ardıcıl olaraq artır və 273 milyon nəfərə çatıb. Bu, əhalinin sayının artması, böhranlar və büdcələrin azalması ilə bağlıdır.
NTV xəbər verir ki, bu barədə UNESCO-nun 2026-cı il üzrə Təhsilin Monitorinqinə dair Qlobal Məruzəsində – təhsil sahəsinin vəziyyətinə dair əsas qlobal məlumat mənbəyində bildirilir.
Dünyada məktəb yaşlı hər altı uşaqdan biri təhsil sistemindən kənarda qalır və şagirdlərin yalnız üçdə ikisi orta təhsili başa vurur. Bununla belə, bir çox ölkə əhəmiyyətli irəliləyiş əldə edir ki, bu da hədəf göstəricilərin müəyyənləşdirilməsi və müvafiq siyasətin hazırlanması zamanı milli kontekstin nəzərə alınmasının vacibliyini vurğulayır.
UNESCO-nun çərşənbə günü dərc olunan məruzəsi göstərir ki, 2015-ci ildən bəri məktəbdə davamiyyətin təmin olunması üzrə irəliləyiş demək olar ki, bütün regionlarda zəifləyib. Ən ciddi zəifləmə Saxaranın cənubunda yerləşən Afrika ölkələrində müşahidə olunur ki, bu da əsasən əhalinin sayının artması ilə bağlıdır. Münaqişələr də daxil olmaqla bir sıra böhranlar irəliləyişi ləngidib. Dünyadakı bütün uşaqların altıda birindən çoxu münaqişə zonalarında yaşayır. Bu isə o deməkdir ki, məktəbə getməyən uşaqların faktiki sayı rəsmi statistikada əks olunan göstəricilərdən milyonlarla çoxdur.
Bu problem xüsusilə Yaxın Şərqdə kəskin xarakter daşıyır, burada davam edən regional gərginlik bir çox məktəbin bağlanmasına səbəb olub. Nəticədə milyonlarla uşaq dərslərdə iştirak etmək imkanından məhrum olub və təhsildə geri qalma riski ilə üzləşib.
Mövcud çətinliklərə baxmayaraq, məruzədə son illərdə qlobal təhsil sahəsində əhəmiyyətli nailiyyətlər də qeyd olunur. Bir sıra ölkələr 2000-ci ildən bəri məktəbə getməmə göstəricisini ən azı 80 faiz azaldıb. Bu azalma xüsusilə Madaqaskar və Toqoda uşaqlar arasında, Mərakeş və Vyetnamda yeniyetmələr arasında, Gürcüstan və Türkiyədə isə gənclər arasında müşahidə olunur.
Son 25 ildə ibtidai və orta təhsil sahəsində sosial baxımdan həssas əhali qruplarının maraqlarına xidmət edən müxtəlif maliyyələşdirmə mexanizmlərini tətbiq edən ölkələrin payı dörd dəfədən çox artıb. Söhbət vəsaitlərin submilli idarəetmə orqanlarına, məktəblərə, eləcə də birbaşa şagirdlərə və onların ailələrinə yönəldilməsi kimi tədbirlərdən gedir. Xüsusilə, ölkələrin 76 faizində əlverişsiz şəraitdə fəaliyyət göstərən məktəblərin xeyrinə resursların yenidən bölüşdürülməsi üzrə strategiyalar tətbiq olunur. Lakin məruzədə təqdim olunan yeni indeks göstərir ki, ölkələrin yalnız 8 faizi bu mexanizmlərdən sosial baxımdan həssas qrupların xeyrinə təhsil resurslarının yenidən bölüşdürülməsi üçün tam şəkildə istifadəedir.
Məruzə göstərir ki, istənilən tədbir ümumi təhsilə çıxışı təmin etməyə qadir deyil. Siyasət yerli reallıqlar nəzərə alınmaqla qurulmalı, problemləri kompleks şəkildə həll etməli və sübutlara əsaslanmalıdır.
