İndoneziya BMT-ni Livanın cənubunda sülhməramlı missiyanın (UNIFIL) tərkibində xidmət edən üç hərbçisinin həlak olması ilə bağlı təcili beynəlxalq araşdırma aparmağa çağırıb.
NTV xəbər verir ki, bunu İndoneziyanın BMT yanında daimi nümayəndəsi Ömər Hadi Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı bildirib. O deyib: “Hadisə ilə bağlı dərhal və şəffaf istintaq aparılmalı, səbəbkar şəxslər cavab verməlidir”.
Məlumatlara görə, indoneziyalı hərbçilər martın sonlarında Livanın cənubunda baş verən iki ayrı insident zamanı həyatlarını itiriblər. İlkin versiyalara əsasən, hadisələrdən biri Bəni Həyyan yaşayış məntəqəsi yaxınlığında yol kənarında baş vermiş partlayış nəticəsində qeydə alınıb. İsraillə sərhəd yaxınlığında mərminin partlaması nəticəsində də bir hərbçi ölüb.
UNIFIL tərəfindən bildirilib ki, son günlər bölgədə baş verən insidentlər nəticəsində sülhməramlılar arasında ölən və yaralananlar var. İsrail tərəfi isə hadisələrlə bağlı məsuliyyət daşımadığını açıqlayıb.
Livan rəhbərliyi hadisə ilə bağlı İndoneziyaya başsağlığı verərək sülhməramlı qüvvələrə qarşı hücumları pisləyib və onların ölkənin cənubunda sabitliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, İndoneziya UNIFIL qüvvələrinə ən çox töhfə verən ölkələrdən biridir və hazırda bu missiyada üç minə yaxın hərbçi ilə təmsil olunur.
