Avstraliya hökuməti Yaxın Şərq münaqişəsinin yaratdığı qlobal iqtisadi sarsıntıların təsirləri ilə üzləşən yerli müəssisələrə 4 milyard dollardan çox dəstək ayırmaq qərarına gəlib.
NTV-nin məlumatına görə, bu barədə Baş nazir Entoni Albaneze bildirib.
Onun sözlərinə görə, 4,1 milyard dollarlıq vəsait sürətləndirilmiş rejimdə veriləcək və yerli istehsalı, şirkətləri dəstəkləmək, onların təchizat zəncirlərini bazar şoklarından qorumaq üçün nəzərdə tutulub.
"Ölkə xaricində baş verən fövqəladə hadisələr Avstraliya daxilində biznes əməliyyatlarına mənfi təsir göstərməyə davam edir və biz Avstraliya bizneslərinə və sənaye sektoruna geniş dəstək göstərməyə hazırıq", - Albaneze mətbuat nümayəndələrinə açıqlamasında bildirib.
Bundan əlavə, hökumət başçısı milli İqtisadi Dayanıqlılıq Proqramından (Economic Resilience Program) təxminən 650 milyon dollar, "Net Zero Fund"dan təxminən 3,3 milyard dollar və Meşəçiliyin İnkişafı Fondu vasitəsilə (təxminən 100 milyon dollar) güzəştli kredit mexanizmlərindən resurslara çıxış əldə ediləcəyini açıqlayıb.
Albaneze vurğulayıb ki, bu tədbirlər dövlətin nəqliyyat infrastrukturunun sabit işləməsini təmin edəcək və əsas istehsal proseslərini dəstəkləyəcək.
