Türkiyə hakimiyyəti regionda geosiyasi risklər fonunda qeyri-müəyyənliklə üzləşən xarici investorların cəlb olunması üzrə təşəbbüslər hazırlayır.
NTV Türkiyə mediasına istinadla xəbər verir ki, Ankarada xarici investorların təşviqi üzrə tədbirlər paketi hazırlanır. Bu paket çərçivəsində, xüsusilə korporativ vergi dərəcəsinin azaldılması nəzərdə tutulur.
Türkiyənin Xəzinə və Maliyyə Nazirliyində hesab edirlər ki, vergi stimullaşdırılması ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmini artırmağa imkan verəcək. Beləliklə, Ankara Yaxın Şərqdəki böhranı fürsətə çevirəcək.
İnvestor axınının asanlaşdırılması məqsədilə Türkiyənin aidiyyəti qurumları sahibkarlara yaşayış icazəsi, iş icazəsi və rəqəmsal vizaların verilməsi ilə bağlı yeni təklifləri nəzərdən keçirirlər.
Türkiyədə investorların təşviqi üzrə tədbirlər paketinin yekun variantının gələn həftə tamamlanacağı gözlənilir.
