Almaniyanın “Rheinmetall” konserni mayın 13-15-də Buxarestdə keçiriləcək Qara Dəniz Müdafiə və Aerokosmonavtika sərgisində xeyli məhsulla təmsil olunacaq.
NTV xəbər verir ki, şirkət sərgidə zirehli texnika, hava hücumundan müdafiə sistemləri, logistika vasitələri, əsgər sistemləri və müxtəlif döyüş sursatlarını nümayiş etdirəcək.
Sərginin əsas eksponatlarından biri “Rheinmetall”ın yeni nəsil “Lynx KF41” piyadaların döyüş maşını olacaq. Bu texnika 30 millimetrlik “MK30-2/ABM” avtomatik topu və “Lance” döyüş modulu ilə təqdim ediləcək. Şirkət, həmçinin yerli istehsal və texnologiya transferi üzrə tərəfdaşlıq imkanlarını da ön plana çıxaracaq.
Hava hücumundan müdafiə sahəsində “Rheinmetall” müxtəlif yük maşını platformalarına inteqrasiya edilə bilən “Oerlikon Skynex” sisteminin tərkib hissəsi olan 35 millimetrlik “Oerlikon Revolver Gun Mk3” qurğusunu nümayiş etdirəcək. Bundan başqa, yüksək keçid qabiliyyəti ilə seçilən “HX-3” logistika maşını və “Gladius 2.0” rəqəmsal əsgər sistemi də sərgidə təqdim olunacaq.
Şirkət döyüş sursatı istehsalını da əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. “Rheinmetall” 2027-ci ilədək illik 1,1 milyon 155 millimetrlik artilleriya mərmisi istehsal etməyi, bu göstəricini 2030-cu ildə 1,5 milyona çatdırmağı hədəfləyir. Tank sursatı üzrə illik istehsal gücünün 240 min patrona, orta kalibrli sursat istehsalının isə 2030-cu ildə 4 milyon patrona çatdırılması nəzərdə tutulur.
Konsern, həmçinin NVL şirkətinin alınmasından sonra dəniz sistemləri sahəsində fəaliyyətini genişləndirərək Almaniyadakı dörd ixtisaslaşmış gəmiqayırma zavodu vasitəsilə NATO ölkələri üçün hərbi dəniz platformalarının istehsalını həyata keçirir.
