“Meta” şirkəti Avropa Komissiyasının davam edən antiinhisar araşdırması fonunda Avropa İqtisadi Zonası (AİZ) ölkələrində rəqib süni intellekt çat-botları üçün “WhatsApp”ın biznes versiyasının API-sinə müvəqqəti olaraq ödənişsiz giriş imkanı yaradacaq.
NTV xarici mediaya istinadla xəbər verir ki, güzəşt bir ay müddətində qüvvədə olacaq və kənar süni intellekt xidmətlərinin əvvəllər “WhatsApp” platformasına çıxışının məhdudlaşdırılması ilə bağlı narahatlığını ifadə edən Avropa tənzimləyicisinin iradlarının aradan qaldırılmasına yönəlib.
“Meta” yanvarda mesencerdə yalnız özünün “Meta AI” assistentindən istifadəyə icazə vermiş, martda isə rəqiblər üçün giriş imkanını artıq ödənişli əsaslarla açmışdı. Lakin Avropa Komissiyası bu şərtləri ədalətli rəqabət prinsiplərinə uyğun hesab etməyib.
“Avropa Komissiyası ilə davam edən danışıqlar çərçivəsində Avropa İqtisadi Zonasında fəaliyyət göstərən ümumi təyinatlı süni intellekt çat-botları “WhatsApp API”nin biznes versiyasına bir ay müddətində ödənişsiz çıxış əldə edəcəklər”, – deyə şirkətin nümayəndəsi bildirib.
Avropa Komissiyası bu addımı alqışlayaraq qeyd edib ki, bu, “Meta” tərəfindən tənzimləyicinin iradlarını aradan qaldıra biləcək mümkün öhdəliklərin gələcək müzakirəsi üçün əsas yaradır.
Avropa mediasının məlumatına görə, mübahisə həll olunmasa, “Meta” şirkəti illik qlobal dövriyyəsinin 10 faizinə qədər cərimə ilə üzləşə bilər.
Antiinhisar işi süni intellekt assistenti hazırlayan “Poke.com” platformasının yaradıcısı olan Kaliforniyanın “The Interaction Company” şirkətinin, eləcə də “Meta”nın ispaniyalı rəqibinin şikayətlərindən sonra başlanıb.
