Rusiya ordusu mayın 14-nə keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava zərbələri endirir.
NTV-nin xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməkdədir, hava hücumundan müdafiə sistemi aktiv işləyir. Hava hücumu zamanı ballistik və qanadlı raketlərdən və zərbə dronlarından istifadə edilir. Kiyevin bir çox ərazilərində dağıntılar qeydə alınıb.
Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib ki, Rusiyanın paytaxta hava hücumu nəticəsində yeddi rayonda dağıntılar qeydə alınıb. Evlərə və hündürmərtəbəli binalara, avtomobillərə, qeyri-yaşayış obyektlərinə ziyan dəyib. Darnitski rayonunda yaşayış binasındakı tikililər uçub. İnsanlar dağıntılar altında qalıb. Hazırda Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları dağıntılar altında qalan insanların həyatını xilas etmək üçün səfərbər olublar.
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə məlumat verib ki, paytaxta edilən hava hücumu zamanı 16 nəfər xəsarət alıb, bir nəfər həlak olub.
Hazırda hava həyəcanı siqnalı davam edir.
