Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Astanaya səfərinin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyini bəyan edib.
Bu barədə NTV-nin Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.
K.Tokayev həmçinin bu səfərin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, Astana ilə Ankaranı dəyişməz dostluq, qardaşlıq münasibətləri və möhkəm tərəfdaşlıq bağlayır: "Dövlətlərimiz arasında heç bir ziddiyyət və fikir ayrılığı yoxdur".
K.Tokayev həmçinin ötən il Türkiyəyə rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaları xatırladıb:
"Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib, çox mühüm qərarlar qəbul edilib. Bu gün Şuranın altıncı iclası keçiriləcək, həmçinin genişmiqyaslı biznes-forum baş tutacaq".
Öz növbəsində Ərdoğan Qazaxıstan tərəfinə səmimi qəbula görə təşəkkür edib: "Əminəm ki, bugünkü səfər qardaş xalqlarımızın birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək".
