satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatını (TDT) müasir dövrün böhran və çağırışlarına qarşı mübarizə məsələlərində ortaq mövqe formalaşdırmağa çağırıb.

NTV xəbər verir ki, TDT dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Türkiyə lideri Türk dünyasında, o cümlədən texnologiyalar və rəqəmsallaşma sahəsində əməkdaşlığın dərinləşdirilməsinin aktuallığını vurğulayıb.

“Hazırkı Zirvə görüşündə süni intellekt və rəqəmsal inkişafa həsr olunmuş mövzunun seçilməsini çox vaxtında atılmış addım hesab edirəm. Bəşəriyyətin gələcəkdə təsir imkanlarının genişlənməsinin təminatı TDT ölkələri arasında əlaqələrin, xüsusilə də texnologiyalar sahəsində əməkdaşlığın maksimum dərəcədə dərinləşdirilməsidir. Əminəm ki, Türk dünyasının rəqəmsallaşma yolu ilə inkişafı gələcəyin proseslərini idarə etmək baxımından son dərəcə vacibdir”, – deyə Türkiyənin dövlət başçısı bildirib.

Türkiyə Prezidenti maarifçi İsmayıl Qaspıralının məşhur “Dildə, fikirdə, işdə birlik” ifadəsini xatırladaraq qeyd edib ki, həmrəylik TDT ölkələrinin ortaq rəqəmsal vizyonunun formalaşdırılması yolu ilə də həyata keçirilməlidir.

“Birgə texnoloji layihələrin hazırlanması, şübhəsiz ki, bu vizyonun həyata keçirilməsinə töhfə verəcək. Rəqəmsal transformasiyada geridə qalmaq müstəqilliyimizi də təhlükə altına qoyur”, – deyə siyasətçi bildirib. O vurğulayıb ki, süni intellekt hökmranlıq alətinə çevrilməməlidir.

Prezident Ərdoğan daha sonra qeyd edib ki, Türkiyə yüksək texnologiyaların geniş tətbiq olunduğu müdafiə sənayesində toplanmış təcrübəni də TDT üzvləri ilə bölüşməyə hazırdır: “Türk dövlətlərinin müdafiə sənayesi strukturları nümayəndələrinin görüşlərinin müntəzəm keçirilməsinə böyük önəm veririk”.

Türkiyənin dövlət başçısı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türküstandakı sammitdə iştirakından məmnunluğunu ifadə edərək, Lefkoşanı “Türk dünyasının ayrılmaz hissəsi” adlandırıb. “Ümid edirəm ki, Türk dünyası ŞKTC ilə siyasi, iqtisadi və mədəni əlaqələri bundan sonra da möhkəmləndirəcək”, – deyə siyasətçi qeyd edib.

Türkiyə Prezidenti təşkilatın fəaliyyətdə olan sədri - Azərbaycana “TDT-nin ailə məclisi”nin inteqrasiya proseslərinə verdiyi töhfəyə, həmçinin Qazaxıstana Türküstandakı Zirvə görüşünün təşkilinə görə təşəkkürünü bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM