Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə dərc edib.
NTV xəbər verir ki, məqalədə bu gün Azərbaycan paytaxtında şəhərlərin inkişafı və urbanistikanın gələcəyinə həsr olunmuş ən böyük beynəlxalq platformalardan biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) işə başladığı bildirilir. Forum BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir mayın 22-dək davam edəcək.
“Rəsmi məlumata görə, forumda iştirak üçün müxtəlif ölkələrdən 42 mindən çox insan qeydiyyatdan keçib. Tədbirdə bir sıra dövlət liderlərinin, nazirlərin, BMT nümayəndələrinin, beynəlxalq ekspertlərin, yerli hakimiyyət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir. WUF13 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş Liderlər Sammiti də keçiriləcək. Forumun ilk günü Yeni Şəhərsalma Proqramı çərçivəsində nazirlər görüşünü əhatə edir. İştirakçılar əldə olunan nəticələri, mövcud çağırışları və gələcək fəaliyyət istiqamətlərini müzakirə edəcəklər”, – deyə məqalədə qeyd olunur.
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə keçirilən “Global Water Operators Partnerships Alliance” Assambleyası ayrıca tədbir olacaq. Tədbir “UN-Habitat”, Su Operatorları Tərəfdaşlıqları üzrə Qlobal Alyans və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.
