Moskvada iki günlük şiddətli yağışlar şəhərin ayrı-ayrı rayonlarının su altında qalmasına səbəb olub, xüsusilə "VDNX" (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi-red) yaxınlığında böyük su basma baş verib - su axını yol boyu hasarları aparmağa başlayıb.
NTV xəbər verir ki, bu barədə Rusiyanın "Pravda" nəşri xəbər verir.
Sinoptiklərin məlumatına görə, şəhər sensorları 1904-cü ilin göstəricilərini üstələyərək tarixi maksimumu qeydə alıb. Əsas "zərbəni" "VDNX" stansiyası qəbul edib, burada 34 mm yağıntı düşüb - bu, aylıq normanın yarısından çoxudur.
Vilayət ərazilərinin sakinləri də intensiv yağışlar səbəbilə problemlərlə üzləşiblər. Dolqoprudnıda cihazlar 25 mm qeydə alıb, Nemçinovka və Novo-İerusalim isə 19 mm göstərib. Şəhərin infrastrukturu həddən artıq yüklənmə rejimində işləyib.
İnfrastruktur mütəxəssisi Olqa Nikolayevna Morozova bildirib ki, belə intensiv leysan drenaj sistemləri və yol örtüyü üçün birbaşa sınaqdır.
"Şəhər ekstremal yüklərə hazır olmalıdır, çünki iqlim dəyişikliyi bu cür hadisələri istisna deyil, yeni norma edir", - o qeyd edib.
Bu arada "Life" portalı bildirib ki, Moskvada Botanika bağı ərazisində avtomobillər dərin su gölməçəsinin ortasında qalıblar. Sosial şəbəkələrdə sakinlər Moskva üzərindəki fırtınalı səmanın kadrlarını paylaşırlar və şəkillərdən birində ildırım Ostankino qülləsinin yaxınlığına düşür.
Qeyd edək ki, bu ilin aprelində Dağıstanda güclü yağışların törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində təxminən 8 min ev zərər görüb. Çeçenistanda da şiddətli yağışlar böyük problemlər yaradıb.
