Gürcüstan və Azərbaycanın birgə səyləri ilə 2007-ci ildə başlanan strateji layihə - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinin tarixi prosesi uğurla başa çatıb.
NTV xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Bakıda keçirilən WHF13 çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolunun yeni hissəsini tam istifadəyə verən İkitərəfli Koordinasiya Şurasının Protokolu imzalanıb.
Qeyd edilir ki, Gürcüstan və Azərbaycanın güclü siyasi iradəsi, sıx əlaqələndirilməsi və intensiv birgə işi nəticəsində qalan bütün məsələləri uğurla həll etmək mümkün olub.
Məlumatda deyilir ki, BTQ dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir və ortaq bir vizyon, regional tərəfdaşlıq və Asiya ilə Avropa arasında davamlı əlaqənin gücləndirilməsi kimi ortaq məqsədə əsaslanır.
BTQ dəmir yolu artıq Orta Dəhlizin əsas komponentlərindən biridir və Asiya ilə Avropa arasında müasir, etibarlı və rəqabətli nəqliyyat və logistika marşrutlarının formalaşmasında xüsusi rol oynayır. Layihənin əhəmiyyəti, xüsusən də Çin ilə Avropa arasında artan yük axını və Orta Dəhlizə beynəlxalq marağın artması fonunda artır.
BTQ dəmir yolunun tammiqyaslı istismarı Asiya ilə Avropa arasında yükdaşıma müddətini təxminən 10 günə qədər azaldır və dəhlizin illik yükdaşıma qabiliyyəti 5 milyon tona çatır. Bu, regional ticarətin genişləndirilməsi, tranzit potensialının artırılması və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanlar yaradır.
“Layihə, həmçinin Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu əhəmiyyətli dərəcədə gücləndirir və Şərq ilə Qərb arasında etibarlı və səmərəli əlaqə təmin edir”, – deyə məlumatda bildirilir.
