Birləşmiş Millətlər Təşkilatı hər il mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Gününü qeyd edir.
NTV xəbər verir ki, bu gün 1995-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunub və məqsədi Yer kürəsində bioloji müxtəlifliyin azalması probleminə dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.
Əvvəlcə bu günün dekabrın 29-da Bioloji Müxtəliflik Konvensiyasının qüvvəyə mindiyi gündə qeyd olunması tövsiyə edilirdi. Lakin ilin sonuna təsadüf edən çoxsaylı bayramlar səbəbindən tarix sonradan mayın 22-nə dəyişdirildi.
Bioloji müxtəliflik Yer üzündəki bütün canlıların və ekosistemlərin müxtəlifliyidir: bitkilər, heyvanlar, mikroorqanizmlər, meşələr, təbii yaşayış mühitləri və ekosistemlər.
Hazırda bioloji müxtəliflik sürətlə azalır: heyvan və bitki növləri yox olur, meşələr və ekosistemlər deqradasiyaya uğrayır. Təxminən bir milyon növ məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bunun əsas səbəbi insan fəaliyyəti hesab olunur.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı bioloji müxtəlifliyin azalmasına səbəb olan əsas amilləri belə müəyyən edir:
təbii mühitin məhv edilməsi və parçalanması;
ətraf mühitin çirklənməsi;
iqlim dəyişiklikləri;
invaziv növlərin yayılması;
səhralaşma;
əhali artımı və həddindən artıq istehlak;
təbii resurslardan qeyri-səmərəli istifadə.
Bəşəriyyət sağlam ekosistemlərdən tam şəkildə asılıdır. Təbiət insanları su, qida, dərman, enerji, yanacaq, yaşayış və geyim üçün materiallarla təmin edir.
Bioloji müxtəlifliyin itirilməsi ekoloji tarazlığı pozur və iqtisadiyyat, insan sağlamlığı və iqlim üçün ciddi nəticələr yarada bilər.
Təbiətin qorunması üzrə beynəlxalq tədbirlər
1992-ci ildə Rio-de-Janeyro şəhərində keçirilən BMT konfransında Bioloji Müxtəliflik Konvensiyası qəbul olunub. Bu gün Konvensiyaya təxminən 200 dövlət qoşulub.
2022-ci ildə isə BMT Kunmin-Monreal Qlobal Bioloji Müxtəliflik Çərçivə Proqramını qəbul edib. Proqramın əsas məqsədləri:.2050-ci ilə qədər ekosistemlərin 30 faizinin bərpası, qida tullantılarının iki dəfə azaldılması, biomüxtəlifliyin qorunmasına hər il ən azı 200 milyard dollar investisiya yatırılmasıdır.
Hər bir insan bioloji müxtəlifliyin qorunmasına öz töhfəsini verə bilər: təbiətə qayğı ilə yanaşmaq, tullantıları azaltmaq, su və enerjiyə qənaət etmək, xüsusi mühafizə olunan təbiət ərazilərini dəstəkləmək, nadir bitki və heyvan növlərini qorumaq.
Beynəlxalq Bioloji Müxtəliflik Günü bizə xatırladır ki, təbiətin qorunması bütün bəşəriyyətin məsuliyyəti və planetin davamlı gələcəyi üçün əsas şərtlərdən biridir.
