Almaniyanın bir sıra strateji məhsullar, xüsusilə litium-ion batareyaları, Günəş panelləri və antibiotiklər üzrə idxalatında Çinin payı son illərdə nəzərəçarpacaq dərəcədə artıb.
NTV “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin məlumatı və Fridrix Naumann Fondu tərəfindən yayımlanan araşdırmanın nəticələrində əksini tapıb.
Araşdırmaya əsasən, ötən il Almaniyanın birbaşa litium-ion batareya idxalının təxminən üçdəikisi Çinin payına düşüb. Halbuki iki il əvvəl bu göstərici təxminən yarı səviyyəsində idi. Günəş panelləri üzrə Çin məhsullarının payı 89 faizdən 93 faizədək artıb. Bu göstərici antibiotik idxalında 65 faizdən 73 faizə yüksəlib.
Tədqiqata əsasən, Almaniya məhz kritik sahələrdə idxalı şaxələndirmək əvəzinə, Çindən daha da asılı vəziyyətə düşür. Araşdırmada maqnezium, qallium və germanium kimi metallarda da Çin idxalının artdığı vurğulanır. Elektromobillərin mühərriklərində istifadə olunan bəzi nadir torpaq elementləri üzrə isə Çin demək olar ki, yeganə təchizatçı olaraq qalır.
Bununla yanaşı, Çin Almaniyanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyur. Cari ilin ilk rübündə Almaniyanın Çindən idxalı illik müqayisədə 6,4 faiz artaraq 43,5 milyard avroya çatıb.
Avropa İslahatlar Mərkəzinin (CER) araşdırmasında qeyd olunub ki, Çinin aqressiv ixrac siyasəti Almaniyanın avtomobil, maşınqayırma, kimya və aviasiya sənayelərinə ciddi təzyiq göstərir. Dövlət tərəfindən dəstəklənən Çin ixracına qarşı daha güclü müdafiə mexanizmləri yaradılmasa, Almaniyada deindustrializasiya riskinin artacağı bildirilir.
Qeyd edək ki, Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxenin bu həftə Çinə səfəri planlaşdırılır. Səfər zamanı iqtisadi əməkdaşlığın perspektivləri və ticarət sahəsində ədalətli rəqabət məsələlərinin əsas müzakirə mövzularından olacağı gözlənilir.
